Şəkidə TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib

Şəkidə TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısı keçirilib
# 01 dekabr 2016 15:03 (UTC +04:00)

Şəki şəhərində TÜRKSOY-a üzv ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının 34-cü toplantısı keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, toplantıda Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Şəki rayon İH-nin başçısı Elxan Usubov, TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri iştirak edib. Toplantı iştirakçıları əvvəlcə AMEA Tarix İnstitutunun Azərbaycan və türk dünyasının tarix və mədəniyyətinə dair çap etdirdiyi kitabların sərgisinə baxıblar.

Tədbirin açılış hissəsində Ə. Qarayev, D. Kaseinov, üzv ölkələrin nümayəndə heyətlərinin rəhbərləri qısa çıxış ediblər. Ə. Qarayev deyib ki, bu günlərdə Efiopiyada UNESCO-nun maddi-mədəni irsin qorunmasına dair növbəti toplantısı keçirilib və türkdilli ölkələrin səyi nəticəsində lavaş və yuxa milli brend olaraq siyahıya daxil edilib. Beləliklə də, ermənilərin uzun illərdən bəri irəli sürdüyü iddialara son qoyulub.

Toplantı çərçivəsində TÜRKSOY-un baş katibinin qurum tərəfindən 2016-cı ildə həyata keçirilmiş layihələrə dair, eləcə də Şəki şəhər İcra Hakimiyyəti başçısının “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şəki şəhərində il ərzində həyata keçirilən mədəni-kütləvi tədbirlər barədə hesabatları dinlənilib. Bundan əlavə, iclasda 2017-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı olacaq şəhərin seçilməsi ilə bağlı təkliflərə baxılıb, yekun bəyannamə və sənədlər imzalanıb. Qazaxıstanın Türküstan şəhəri 2017-ci il üçün türk dünyasının mədəniyyət paytaxtı elan edilib.

Toplantı iştirakçıları daha sonra Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının foyesində TÜRKSOY-un rəsm sərgisinin açılışına qatılıb. TÜRKSOY-un təsviri sənət sahəsində xüsusi mükafatı təqdim edilib. “Türk dünyasının mədəniyyət paytaxtı - Şəki 2016” ilinin bağlanış mərasimində rəmzi simvol Qazaxıstanın Türküstan şəhər rəhbərliyinə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR