Bakıda "Bir günəş altında” sənədli filminin təqdimatı olub

Bakıda "Bir günəş altında” sənədli filminin təqdimatı olub
# 05 dekabr 2016 21:36 (UTC +04:00)

Dekabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin çəkdiyi “Bir günəş altında” sənədli filminin təqdimatı olub.

Fonddan APA-ya verilən məlumata görə, tədbirdə layihənin rəhbəri, filmin baş prodüseri Arzu Əliyeva iştirak edib.

Təqdimat mərasimində məlumat verilib ki, ölkəmizdə “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn film Azərbaycanda yaşayan, müxtəlif mədəniyyət, adət-ənənə, fərqli dil və dini etiqada sahib olan azsaylı xalqların və etnik qrupların həyatından bəhs edir. Filmin hazırlıq prosesində 15 nəfərdən ibarət çəkiliş heyəti bir ilə yaxın müddətdə Azərbaycanın müxtəlif bölgələrində olub, 54 kənd və qəsəbəyə ekspedisiyalar təşkil edilib. Eksperiment xarakteri daşıyan bu səfərlər zamanı 17 etnik qrupun 134 nümayəndəsinin müsahibəsi lentə alınıb.

Filmin təqdimat mərasimində, həmçinin qeyd edilib ki, “Bir günəş altında” layihəsi bu ilin iyul ayında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günləri zamanı təqdim olunub. Diqqətə çatdırılıb ki, sənədli filminin digər dillərə tərcüməsi və müxtəlif ölkələrdə nümayişi nəzərdə tutulur. Azərbaycanın dünyada tanıdılmasına xidmət edən daha bir möhtəşəm layihənin reallaşmasına verdiyi dəstəyə görə, Heydər Əliyev Fondunun prezidenti, layihənin ideya müəllifi Mehriban Əliyevaya minnətdarlıq bildirilib. Sonra film nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR