Qəbələdə dünyanın tanınmış siyasətçilərinin iştirakı ilə beynəlxalq tədbir keçirilir

Qəbələdə dünyanın tanınmış siyasətçilərinin iştirakı ilə beynəlxalq tədbir keçirilir
# 09 dekabr 2016 14:58 (UTC +04:00)

Bu gün Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə X Yüksək Səviyyəli Toplantı işə başlayıb. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 50-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı iştirak edir.

İştirakçılar arasında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri - Madrid Klubunun prezidenti, Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Kolumbiyanın keçmiş dövlət başçısı Andres Pastrana, Bosniya və Herseqovinanın sabiq hökumət başçısı Zlatko Laqumciya, Latviyanın sabiq Prezidenti Valdis Zatlers və digər nüfuzlu şəxslər də var.

"Artan zorakı ekstremizm və onun qarşısının alınması yolları" mövzusuna həsr olunan tədbirdə ekstremizmin yayılma səbəbləri, beynəlxalq sülhə və təhlükəsizliyə müasir təhdidlər, habelə terrorizm və ona qarşı mübarizə üsulları, terrora qarşı mübarizədə gənclərin rolu və digər məsələlərin müzakirəsi nəzərdə tutulub. Toplantının açılış mərasimi dekabrın 9-da axşam saatlarında baş tutacaq. Mərasimdə Latviyanın sabiq dövlət başçısı Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Seragəldin, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Niderlandın saiq Baş naziri Vim Kok və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun çıxışı nəzərdə tutulub. Açılış mərasimi zamanı dahi Azərbaycan şairi Nizami Gəncəvinin 875 illiyinə həsr edilmiş video-çarxın nümayişi gözlənilir.

Sabah isə tədbir panel iclasları ilə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR