Gürcüstanın dini icmaları Dini Məsələlər üzrə Dövlət Agentliyinin fəaliyyətini müsbət qiymətləndiriblər

Gürcüstanın dini icmaları Dini Məsələlər üzrə Dövlət Agentliyinin fəaliyyətini müsbət qiymətləndiriblər
# 14 dekabr 2016 14:36 (UTC +04:00)

Tiflisdə 7 dini icma rəhbərinin toplantısı keçirilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, tədbirdə Gürcüstan Müsəlmanları İdarəsi, Erməni Kilsəsi, Yevangeliya Protestant Kilsəsi, Gürcüstan Yevangeliya Baptist Kilsəsi, yezidlərin Dini Şurası və Yəhudi İttifaqının nümayəndələri iştirak edib. Konfessiya rəhbərləri keçirdikləri brifinqdə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin fəaliyyətini müsbət qiymətləndiriblər.

Tədbirdə qeyd olunub ki, Dövlət Agentliyinin fəaliyyətini kölgə altına salan iddiaların səsləndirilməsi tamamilə yolverilməzdir: “Bizim fəaliyyətimizə hökumət müdaxilə etmir, əksinə, onu qorumaq üçün müsbət tədbirlər həyata keçirir”.

Brifinqdə son illər ölkədə 150 məscidin qeydiyyatdan keçirildiyini və Gürcüstan Müsəlmanları İdarəsinin sərəncamına verildiyi, yeni məscidlərin tikintisi və təmirinin aparıldığı vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Gürcüstanın qərb bölgəsində yaşayan müsəlmanlar Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin fəaliyyətinin dayandırılmasını tələb ediblər.

Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov isə APA-ya açıqlamasında dini icmalar və hökumət arasında heç bir problem olmadığını bildirib: “Əksinə, bu agentliyin fəaliyyəti bizə çox yardımçı olur. Biz əvvəllər deyə bilmədiyimiz problemləri bu agentliyin vasitəsilə hökumətə çatdırır və onların həllini həyata keçiririk. Sözsüz ki, problemlərimiz çoxdur və onların müəyyən hissəsini biz həll etmişik. Bu problemlər illərlə yığılıb qalmış problemlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR