Türkdilli dövlətlər ixrac-idxal əməliyyatlarının artırılması yollarını müzakirə edir

Türkdilli dövlətlər ixrac-idxal əməliyyatlarının artırılması yollarını müzakirə edir
# 21 dekabr 2016 09:31 (UTC +04:00)

Bu gün Bakıda Türkdilli Dövlətləri Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 6-cı görüşü keçirilib.

APA-Economics”in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu ilin yanvar–oktyabr ayları ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib. Bunun 1,2 mlrd. dolları idxal, 900 mln. dolları isə ixracın payına düşüb.

Nazir bildirib ki, Azərbaycanın Türkiyəyə qoyduğu ümumi investisiyaların həcmi 8 mlrd. dollar təşkil edir: “Bunun da böyük hissəsi Azərbaycanın Türkiyədə inşa etdiyi STAR neft emalı zavodunun tikintisinə yatırılıb. 2020-ci ilə qədər Azərbaycan Türkiyəyə yatıracağı investisiyaların həcmi 18-20 mlrd. dollar təşkil edəcək. Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi isə 10 mlrd. dollar təşkil edir ki, bunun da 2 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yatırılıb”.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycanın Qazaxıstana qoyduğu investisiyaların həcmi 190 milyon dollar təşkil edib: “Bu ticarət əlaqələrində əsas kapital Aktau dəniz limanının yaradılmasına yönəldilib. Qazaxıstan isə Azərbaycana 67 milyon dollarlıq investisiya qoyub”.

Nazir vurğulayıb ki, son dövrlər türkdilli dövlətlər arasında ixrac-idxal əməliyyatı xeyli azalıb. Nazir Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında idxal-ixrac əməliyyatlarını artırmağı təklif edib: “Bu ölkələr istehsal etdiyi məhsulları bir-birinə ixrac etməlidir və öz ticarət dövriyyəsini artırmalıdır. Azərbaycan bu ölkələrə çay və bir çox kənd təsərrüfatı məhsulları ixrac edə bilər”.

Azərbaycanlı nazir bildirib ki, bu gün Azərbaycan, Türkiyə və Qazaxıstanı birləşdirən Bakı-Tbilisi-Ceyhan boru kəməri mövcuddur: “Yaxın zamanlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti də işə başlayacaq. Bu layihələr bütün ölkələrin ticarətinin artırmasına imkan verəcək”.

Nazir bildirib ki, türkdilli ölkələr arasında tranzit potensialı da artırılmalıdır: “Ölkələr arasında qarşılıqlı turizmin təşviq edilməsi istiqamətində böyük potensial var. Birgə turizm şirkətlərinin yaradılması üçün böyük imkanlar mövcuddur”.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybedkçi isə bildirib ki, türkdilli ölkələr eyni tarixi yaşayır, eyni dili danışır. “Biz eyni süfrədən eyni çörəyi yeyirik. Bizim coğrafiyamız, tariximiz, keçmişimiz və gələcəyimiz bir taledir. Bu taleyi paylaşmaq bir qürurdur. Biz eyni dildə danışırıq”.

Türkiyəli nazir bildirib ki, türkdilli dövlətlərin iqtisadi əlaqələri gücləndirilməlidir: “Bunun üçün aramızdakı ticari əlaqələrini artırmalıyıq. Bu baxımdan iqtisadiyyat nazirlərinin bu görüşünü olduqca önəmli sayırıq. Türkiyə bu gün dünyanın 16-cı böyük iqtisadiyyatına malik ölkəsidir. Hazırda Türkiyə dünyanın bir çox ölkələri ilə ümumilikdə 430 milyard dollarlıq yatırıma sahibdir. Ancaq Türkdilli Dövlətlər arasında bu məbləğin heç 1%-nə sahib deyilik”.

Türkiyəli nazir bildirib ki, bütün türkdilli ölkələr öz milli valyutalarını gücləndirməlidir: “Ölkələrimiz arasında enerji və neftin qiymətlərinin düşməsi səbəbindən 30-40% azalma qeydə alınıb.

N. Zeybekçi türkdilli ölkələr arasında onlayn ticarətin gücləndirilməsi barədə danışıb: “Çində bir onlayn ticarət saytı bir gündə məhsulun satışından 18 milyard dollar gəlir əldə edir. Biz bu sahəni genişləndirməliyik. Bu sahə bizim ölkələrimiz arasında mövcud ticarəti əlaqələri və sərmayələri artıracaq”.

Nazir həmçinin bildirib ki, türkdilli ölkələrin turizm, sağlıq turizm və təbii ki, inşaat sektorunda iş birliyi aparılmalı və qurulmalıdır.

Qazaxıstanın iqtisadiyyat nazirinin müavini Aydar Aripkhanov isə bildirib ki, türkdilli ölkələrin öz aralarında ticarət dövriyyəsini artırmaq üçün Xəzər dənizi böyük önəm daşıyır. O bildirib ki, Aktau limanın inşası Qazaxıstan və Azərbaycan arasında ticarət dövriyyəsini artırıb. Onun fikrincə, hazırda Xəzər dənizində inşa olunan Kırık limanı da bu ticarət dövriyyəsini ikiqat artırmağa imkan verəcək.

Qazaxıstanlı nazir müavini də ölkəsinin türkdilli ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına dəstək verəcəyini bildirib. O, ölkəsinin bunun istiqamətdə görəcəyi tədbirlər barədə geniş danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR