Əli Həsənov: "Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmir"

Əli Həsənov: "Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmir"
# 24 dekabr 2016 13:07 (UTC +04:00)

Dünya Azərbaycanlılarının Həmrəyli və Yeni il münasibətilə Azərbaycan Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən elan olunan fərdi jurnalist yazısı müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

APA-nin məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nın icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, KİV rəhbərləri, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən Ə. Həsənov bildirib ki, media Azərbaycan cəmiyyətinin ən nüfuzlu institutlarından biri səviyyəsindədir: "Media cəmiyyətinin formalaşmasında, inkişafında mühüm rolu oynayır. Ona görə də, ulu öndər Heydər Əliyev medianı Azərbaycan cəmiyyətinin əsas ictimai institutlarından biri kimi görürdü. Məhz buna görə də ümummilli lider media üzərindən bütün ictimai tənzimləmə mexanizmlərini aradan qaldırdı və jurnalistlər Mətbuat Şurasını yaratdılar. Bu gün biz Azərbaycan dövləti olaraq medianın rolunu və yerini onların özlərinin gördüyü kimi görürük. Prezident İlham Əliyev Azərbaycanı azad mediasız təsəvvür etmədiyini bildirib".

Ə. Həsənov qeyd edib ki, KİVDF vasitəsilə medianın inkişafına 28 milyon manata yaxın vəsait ayrılıb: "Təxminən bir o qədər də vəsait medianın problemlərinin həllinə yönəlib. Media qurumlarının borcları silinib, media dövlətin bütün qayğı mexanizmlərindən istifadə edir. Dövlət tərəfindən jurnalistlər üçün evlər tikilib və tikilməkdə davam edir. Dövlət bütün bunları ona görə edir ki, siz Azərbaycan cəmiyyətindəki ictimai rolunuzu bundan sonra bacarıqla həyata keçirə biləsiniz. Dövlət jurnalistlərin qayğısına qalır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın mühüm rolu var. Bu gün biz böyük erməni lobbisi, islamafob dairələrlə üz-üzəyik. Missioner təşkilatlar var ki, Azərbaycanın inkişafını gözləri götürmür. Bütün bunlarla mübarizə aparmaq üçün biz medianın köməyini umuruq, sizdən dəstək gözləyirik".

V. Səfərli isə öz çıxışında bildirib ki, KİVDF 7 ildən artıqdır bu cür müsabiqələr keçirir: "Fond ildə 3 dəfə müsabiqə keçirir. Ümumilikdə 10 müsabiqədə 600-ə qədər jurnalist iştirak edib və 400-ə qədər jurnalist mükafatlandırılıb".

Ə. Amaşov isə qeyd edib ki, Azərbaycan jurnalistləri bugünkü qədər güclü olmayıb: "Qlobal dünyada baş verən hadisələri görürük, böyük dövlətlərin kiçik dövlətlərə münasibətlərini görürük. Cənab Prezident İlham Əliyevin müasir düşüncələri, analitik keyfiyyətləri, müasir prinsiplərə söykənməsi bizdə bir əminlik yaradır ki, Azərbaycan bu qarışıq dünyada problemlərlə uğurla mübarizə apara biləcək, uğurla mübarizə aparacaq. Bizim prezident vətənpərvərdir, qətiyyətli, qorxmaz və prinsipialdır. Bu gün Azərbaycan mətbuatı güclü bir institutdur. Azərbaycan jurnalistləri bugünki qədər güclü olmayıb. Azərbaycan Prezidenti İlham Əliyev həmişə medianı diqqətdə saxlayıb. Azərbaycan jurnalistləri adından cənab Prezidenti ad günü münasibəti ilə təbrik edirik".

Daha sonra qaliblərə mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR