Əbülfəs Qarayev: "Nazirliyin strukturunda islahatlar aparılır”

Əbülfəs Qarayev: "Nazirliyin strukturunda islahatlar aparılır”
# 27 dekabr 2016 14:06 (UTC +04:00)

“Nazirliyin strukturunda islahatlar aparılır və bu proses davam etdiriləcək”

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib. Naziri bildirib ki, müasir dövrdə ölkənin həm mədəniyyət, həm də turizm sahəsində islahatlara ehtiyac var: “Bu islahatlar yeniləşmə, müasirləşmə, idarəetmənin təkmilləşdirilməsi, yeni texnologiyaların tətbiqi ilə bağlıdır. Aparılan islahatların tərkib hissəsi olaraq, 2017-ci ilin yanvarından Bakı şəhər mədəniyyət və turizm baş idarəsi və 15 regional mədəniyyət və turizm idarəsi fəaliyyətə başlayacaq. Qazanılan uğurlarla yanaşı, qarşımızda böyük tələblər və məqsədlər də var”.

Ə. Qarayevin sözlərinə görə, 2017-ci ildə Mədəniyyət və Turizm Nazirliyi üçün əsas prioritet məsələ “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarət olacaq.

Kollegiya iclasında kinematoqrafiya sahəsi, milli kinonun inkişafı istiqamətində atılan addımlar, kino istehsalında müasir texniki proseslərin tətbiqi üçün görülən işlərdən də bəhs edilib.

Qoruqların fəaliyyəti haqqında danışan nazir qeyd edib ki, il ərzində ölkə ərazisindəki tarix-mədəniyyət qoruqlarını 250 min nəfərin ziyarət edib.

Sonda kollegiya üzvlərinin qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin birinci yarımillik iş planı təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR