Tiflisdə “Gürcüstanda və Qafqazda dini ekstremizmin təhlükəsi” mövzusunda konfrans keçirilib

Tiflisdə “Gürcüstanda və Qafqazda dini ekstremizmin təhlükəsi” mövzusunda konfrans  keçirilib
# 30 dekabr 2016 04:58 (UTC +04:00)

Dekabrın 29-da Tiflisdə “Gürcüstanda və Qafqazda dini ekstremizmin təhlükəsi” mövzusunda konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın tanınmış ekspertləri iştirak edib. Tədbiri Yaxın Şərq üzrə ekspert Vasili Papava açaraq müasir şəraitdə mövzunun aktuallığı barədə fikirlərini bildirib. O, konfransı keçirməkdə əsas məqsədin dinlər arasında əməkdaşlıq və dostluq əlaqələri yaratmaq olduğunu bildirib. Sonra tədbirdə siyasi elmlər doktoru, politoloq, “Avroasiya İnstitutu” qeyri-hökumət təşkilatının rəhbəri Qulbaat Rtsxiladze, fəlsəfə elmləri doktoru, professor Qoça Qvasamiya, Mesxeti Gənclər Birliyinin sədri Aleksandr Begiaşvili və başqaları çıxış ediblər.

Tədbirdə Gürcüstanda və Qafqazda dini ekstremizmin təhlükəsinin aspektləri müzakirə olunub, qarşıya çıxan problemlərin həlli yolları axtarılıb. Tədbirdə Gürcüstan Müsəlmanları İdarəsinin həyata keçirdiyi tədbirlər təqdirəlayiq hesab edilib. Son illər müsəlmanların yaşadığı bölgələrdə məscidlərin təmiri və tikintisi həyata keçirildiyi qeyd olunub.

Yaxın Şərq üzrə ekspert Vasili Papava Gürcüstan dövlətinin ölkədə fəaliyyət göstərən konfessiyalara qayğı göstərdiyini və maddi yardım ayırdığını bildirib. Çıxışçılar həmçinin dünyada geosiyasi məqsədlər üçün İslamdan istifadə olunduğunu bildiriblər. Tədbirdə həmçinin İslam haqqında Gürcüstan cəmiyyətinə gürcü dilində düzgün informasiya verilmədiyi bildirilib.

Konfransda çıxış edən gürcü ekspertləri Gürcüstanda yaşayan azərbaycanlıların köklü xalq olduğunu və onların gürcülərlə birlikdə hər cür imtiyaza və vətəndaş haqlarına malik olduqlarını bildiriblər. Ekspertlər Kvemo Kartlini problemli bölgə hesab ediblər. Tədbirdə bölgədə baş verən hadisələr barədə əvvəlcədən informasiyanın olmadığı və sorğu, həmçinin statistik məlumatların olmamasının problemlər yaratdığı qeyd olunub.

Ekspert Vasili Papava 2014-2015-ci illərdə 26-27 nəfər Gürcüstan vətəndaşının Suriyada həlak olduğunu, lakin bu il bir nəfər də olsa Suriyaya, müharibə bölgələrinə getmədiklərini, eyni zamanda Qafqazda potensial təhlükənin olduğunu qeyd edib.

Sonra konfrans diskussiya şəraitində davam edib. Gürcü ekspertlər Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı gənclərin, qeyri-hökumət təşkilatları nümayəndələrinin suallarına cavab veriblər.

Siyasi elmlər doktoru, politoloq Qulbaat Rtsxiladze APA-ya açıqlamasında Cənubi Qafqazda Gürcüstan və Azərbaycan dövlətlərinin uzunmüddətli perspektivini nəzərə alaraq hər iki ölkənin tarixi dostluğunun alternativi olmadığını bildirib: “Güclü Azərbaycan və güclü Gürcüstan bu dostluğun inkişaf etdirilməsində maraqlıdır. Qoy kimsələr düşünməsinlər ki, bizim dostluğumuz pozula bilər. Hər iki ölkə güclü dövlətlər və ölkələr olacaq və bir-biri ilə əməkdaşlıq edəcək, bunun nəticəsi olaraq Qafqazda həmişə stabillik olacaq, heç kimin su bulandırmağa gücü çatmayacaq”, - deyə politoloq vurğulayıb.

Politoloq Q. Ptsxiladze yaxın və böyük qonşu Rusiya ilə əməkdaşlıq haqqında fikirlərini də bildirib: “Biz həmişə böyük və qonşu dövlətlərlə sülh və mehriban qonşuluq münasibətlərində maraqlıyıq. Müsbət haldır ki, Rusiya və Türkiyə dövlətləri ümumi dil tapa biliblər. Qonşu İran stabillikdə maraqlıdır. Ən əsası isə Gürcüstan və Azərbaycanın dostluğudur və bu dostluqda Kvemo Kartllidə yaşayan azərbaycanlılar körpü rolu oynayırlar”, - deyə Q. Ptsxiladze bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR