Ələt limanında bərələr operativ təmir olunacaq

Ələt limanında bərələr operativ təmir olunacaq
# 07 yanvar 2017 07:10 (UTC +04:00)

"Bibiheybət" gəmi təmiri zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus üzən emalatxananın təmirinə başlanılıb. QSC-dən "APA-Economics"ə verilən məlumata görə, təmir başa çatdıqdan sonra üzən emalatxananın yedək gəmisi ilə Ələtə - yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılması gözlənilir.

"Transxəzər" beynəlxalq nəqliyyat marşrutu üzrə yüklərin vaxtında daşınması üçün fəaliyyətdə olan bərələrin Ələt limanında operativ təmirinə zərurət yaranıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara veriləndən sonra "Şərq-Qərb" nəqliyyat dəhlizi üzrə daşınan yüklərin həcmində də artım proqnozlaşdırıldığından "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin rəhbərliyi üzənemalatxananıntəmirinə qərar verib", - deyə məlumatda bildirlir.

Üzən emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq gəmilərə operativ xidmət göstərməyə imkan verəcək. Bununla da gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Əvvəllər gəmilərin "Bibiheybət" və "Zığ" gəmi təmiri zavodlarında həyata keçirilən cari təmir işləri bundan sonra yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.

Müasir standartlara cavab verəcək üzən emalatxanada gəmilərin təmiri ilə bağlı bütün xidmətlər göstəriləcək. Burada işçi heyətin yaşayışı üçün də zəruri hər şey nəzərə alınıb. Kayutlar, yeməkxana, istirahət otağı ilə yanaşı, üzən qurğuda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin internet və lazımı avadanlıqlarla təchiz edilən stasionar ofisi də fəaliyyət göstərəcək. Bu da "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" əməkdaşlarının Bakı Beynəlxalq Dəniz Ticarət Limanında distant fəaliyyət göstərməsinə və işin səmərəliyini daha da artırmağa imkan verəcək.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin rəhbəri Rauf Vəliyev 24 saat növbəlilik qrafiki ilə icra edilən təmir prosesi ilə yaxından tanış olub. Bildirilib ki, təmir işləri plana uyğun aparılır. Təmirin yanvarın sonunda başa çatdırılacağı nəzərdə tutulub. Təmirlə bağlı tapşırıqlarını verən sədr daha sonra üzən qurğunun aparılacağı Bakı Beynəlxalq Dəniz Ticarət Limanında olub.

Hazırda emalatxanın yerləşəcəyi ərazidə Gəmiçiliyin sifarişi ilə "Caspian Marine Services" şirkəti dibdərinləşdirmə işləri görür. İşin gedişatı ilə maraqlanan R. Vəliyev limanın nümayəndələri ilə də görüşüb. Söhbət zamanı gələcəkdə həyata keçiriləcək müştərək layihələr haqqında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR