ABŞ Suriyada İŞİD-lə mübarizə aparan Türkiyə ordusuna yardımı gücləndirəcək

ABŞ Suriyada İŞİD-lə mübarizə aparan Türkiyə ordusuna yardımı gücləndirəcək
# 10 yanvar 2017 09:34 (UTC +04:00)

ABŞ Suriyanın şimalında İŞİD-ə qarşı hərbi əməliyyat aparan Türkiyəyə dəstəyini artıracaq.

APA-nın xəbərinə görə, bu barədə “Vaşinqton Post” nəşrinin məlumatında deyilir.

Bildirilir ki, ABŞ-a məxsus pilotsuz uçuş aparatları Türkiyə ordusu üçün Suriyanın şimal-qərbində İŞİD mövqelərinə aid kəşfiyyat məlumatları toplamağa başlayıb. Həmçinin Vaşinqtonun Türkiyə ordusunun Əl-Bab şəhəri istiqamətində irəliləməsi üçün dəstəyini gücləndirəcəyi söylənilir.

Qeyd olunur ki, ABŞ terrorçuların mövqelərinə havadan zərbələr endirəcək, Türkiyə ordusunu lazımi avadanlıqla təmin edəcək. Eyni zamanda Türkiyə ordusu ABŞ-ın xüsusi təyinatlıların məsləhətçiləri tərəfindən yardım alacaq. Analoji yardımın müxalifət qüvvələrinə göstəriləcəyi bildirilir.


Bununla belə Pentaqon istisna etmir ki, əməliyyat bölgəsində Türkiyə və Rusiya təyyarələrinin uçuşları ABŞ aviasiyasına müəyyən problem yaradacaq.

Qeyd edək ki, Türkiyə ordusu ötən ilin yayından etibarən Suriyanın şimalında “Fərat qalxanı” hərbi əməliyyatı keçirir. Əməliyyatın məqsədi ölkə ilə sərhəd bölgəni İŞİD və YPQ terrorçu qruplaşmalarından təmizləmək, habelə qaçqınların geri qayıtması üçün təhlükəsizlik zonasını yaratmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR