Elxan Məmmədov: “3 komanda arasında olmaq çox çətindi”

Elxan Məmmədov: “3 komanda arasında olmaq çox çətindi”
# 11 yanvar 2017 14:37 (UTC +04:00)

“Dünya çempionatı iştirakçılarının sayının 48-ə çatdırılması 2026-cı ildən etibarən tətbiq ediləcək. Bununla, dünya çempionatı daha böyük yarış olacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

FİFA-nın DÇ-2026-dan etibarən dünya çempionatının iştirakçılarının sayının 48-ə çatdırılması qərarı haqda müxtəlif ölkələrin federasiya rəsmiləri münasibət bildirirlər. Məsələ barədə Məmmədov da öz fikirlərini bölüşüb.

O bildirib ki, yeni qərardan sonra yığmaların mundiala vəsiqə əldə etmək şansları artıb: “İştirakçıların sayının artırılmasına baxmayaraq, günlərin sayı çoxalmayacaq. Yəqin ki, burda klubların və liqaların maraqları nəzərə alınıb. Düzdü, ayrı-ayrılıqda konfederasiyaların neçə yığma ilə təmsil olunacağı haqda ilkin siyahı çıxıb. Amma hələlik bununla bağlı rəsmi qərar qəbul olunmayıb. İlkin layihədi. İstənilən halda, komandaların dünya çempionatında iştirak etmək şansları artıb”.

Məmmədov Avropa çempionatında olduğu kimi, dünya birinciliyində də iştirakçıların sayının artırılması qərarını dəstəklədiklərini bildirib: “Əvvəllər Avropa çempionatında 16 komanda oynayırdısa, ötən il qitə birinciliyinin final mərhələsində 24 yığma iştirak etdi. Biz o vaxt bu addımı dəstəkləmişdik. Bu dəfə də fikrimiz dəyişməyib, dünya çempionatının iştirakçılarının sayının artırılması qərarını da dəstəkləyirik. Komandaların sayının artırılması o deməkdi ki, onların şansı daha da artır. Qrupda 3 komandanın yer almasına gəlincə, FİFA buna texniki və idman tərəfindən yanaşıb. Görək necə olacaq... Bunu izləmək, yaşamaq lazımdı. Ondan sonra nəsə demək, qiymət vermək olar”.

Baş katib yeni qərardan sonra da Azərbaycan yığmasının DÇ-nin final mərhələsinə vəsiqə qazanmağının çox çətin olduğunu etiraf edib. Onun sözlərinə görə, mundialla müqayisədə millimizin Avropa çempionatında iştirak etməsi daha inandırıcı görünür: “Ümumi Avropanı götürsək, hal-hazırda siyahı çıxıb ki, dünya çempionatına vəsiqə əldə edəcək yığmaların sayı 13-dən 16-ya yüksəlib. Təbii ki, bu 3 komanda arasında olmaq bizim üçün çox çətindi. Bunu nəzərə almaq lazımdı. Dünya çempionatı ilə müqayisədə Avropa çempionatının final mərhələsinə qatılmaq şansımız faiz olaraq, bir az artıb. DÇ-də isə daha çox pley-offda iştirak edən komandaların sayı artacaq. Ümumi olaraq, biz mundial iştirakçılarının artırılması qərarını da dəstəkləyirik. Əsas odu ki, çempionat davamlı və maraqlı olsun. 32 komandanın iştirakı ilə də dünya çempionatı çox maraqlı və dinamik keçir. Demək olar ki, maraqsız oyunlar olmur. 48 komandalı çempionatda da maraqsız oyunların olmamağını istərdik. Çünki bu, final mərhələsidi, 4 ildən bir keçirilir. Buna görə də, çox önəmlidi ki, hər oyun maraqlı, həyəcanlı keçsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR