Gürcüstan və "Qazprom" Ermənistana qaz tranziti şərtlərinə dair razılığa gəliblər

Gürcüstan və "Qazprom" Ermənistana qaz tranziti şərtlərinə dair razılığa gəliblər
# 11 yanvar 2017 19:48 (UTC +04:00)

Gürcüstan hökuməti “Qazprom” şirkəti ilə Rusiyanın Ermənistana qaz tranzitinə dair yeni şərtlər əsasında müqavilə imzalamaq qərara alıb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstanın Energetika naziri Kaxa Kaladze bəyan edib.

Danışıqlar maliyyə ödənişinə keçidlə bağlı aparılıb. K.Kaladzenin sözlərinə görə, keçirilən bir neçə raund danışıqlar nəticəsində Gürcüstan optimal təklif ala bilib. Qaz tranzitinin qiyməti məsələsini açıqlamayan K.Kaladze bildirib ki, yeni şərtlər bundan əvvəlkindən, demək olar ki, fərqlənmir.

Xatırladaq ki, "Qazprom-Eksport" şirkətinin Gürcüstan hökuməti tərəfi ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10%-ni tranzit haqqı kimi alır. Danışıqların uzanmasına səbəb isə "Qazprom"un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsi olub.

Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR