Duma sədri: “AŞPA reqlamentini dəyişməsə, Rusiya bu qurumun işinə qatılmayacaq”

Duma sədri: “AŞPA reqlamentini dəyişməsə, Rusiya bu qurumun işinə qatılmayacaq”
# 12 yanvar 2017 10:42 (UTC +04:00)

”Avropa Şurası Parlament Assambleyasının reqlamenti dəyişməsə, Rusiya bu qurumun işinə qatılmayacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib. “Nəzərə alsaq ki, AŞPA-nın reqlamenti bu gün hər hansı milli nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək barədə qərar qəbul etməyə icazə verir. Bu, qəbuledilməzdir. Hesab edirik ki, bu norma öz-özlüyündə parlamenti nüfuzdan salır”, - deyə o, söyləyib.

V. Volodin AŞPA-nın reqlamentinin dəyişdirilməsinin vacibliyini vurğulayıb: "Bizim mövqeyimiz bəllidir. Dəfələrlə bunu səsləndirmişik. Nümayəndə heyətimizin səs hüququndan məhrum edildiyi bir vaxtda AŞPA-da iştirak etmək doğru deyil. Bu, ölkəni, əhalini səs haqqından məhrum etməkdir. Ona görə də reqlamenti dəyişmək lazımdır. Yalnız bundan sonra AŞPA-da iştirak məsələsi barədə müzakirə aparacağıq".

Qeyd edək ki, bu gün Vyaçeslav Volodin və AŞPA sədri Perdo Arqamunt arasında görüş keçiriləcək.

Xatırladaq ki, AŞPA-dakı Rusiya nümayəndə heyəti bu ölkənin Krımı ilhaq etməsindən sonra səsvermə hüququndan, nizamnamə orqanlarının işində iştirak və seçkilərin monitorinqi hüquqlarından məhrum edilib. Bundan sonra Rusiya nümayəndə heyəti qurumun sessiyalarını boykot edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR