Ümumrusiya Azərbaycan Konqresi separatçı rejimin “KVN” festivalında iştirakına etiraz edib

Ümumrusiya Azərbaycan Konqresi separatçı rejimin “KVN” festivalında iştirakına etiraz edib
# 13 yanvar 2017 09:46 (UTC +04:00)

Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Soçidə start götürən "KiViN-2017" adlı Şən və Hazırcavablar Klubu (KVN) beynəlxalq festivalında işğal olunmuş Dağlıq Qarabağdakı separatçı rejimi təmsil edən komandanın iştirakı ilə bağlı bəyanat yayıb.


APA-nın Moskva müxbirinin xəbərinə görə, Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasındakı bütün Azərbaycan diaspor təşkilatları adından separatçıları təmsil edən komandanın festivalda iştirakına etiraz edib. Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu ərazidə yaradılan qondarma rejimi dünyanın heç bir dövləti tanımır. Ona görə də, separatçıların komandasının festivalda iştirakı Azərbaycanda olduğu kimi, Rusiyada yaşayan azərbaycanlılar arasında da narazılıq yaradıb.

“Rusiya Federasiyası dünyanın ən böyük çoxmillətli dövlətlərindən biridir. Onun ərazisində 193 millətin nümayəndələri yaşayır. Rusiya Federasiyasının milli siyasətinin məqsədlərindən biri milli və millətlərarası münasibətlərin uyğunlaşdırılmasıdır. Prezident Vladimir Putin öz çıxışlarında dəfələrlə ölkəsinin yüzlərlə xalq və etnosun vətəni olduğunu, millətlərarası razılığın dövlətin mövcudiyyətinin əsas prioriteti və vacib şərti olduğunu bəyan edib. Prezident Putinin sözləri əlbəttə ki, bizə böyük ümid verir. Lakin biz növbəti dəfə Azərbaycana qarşı münasibətdə təxribatın şahidi oluruq”, - deyə bəyanatda vurğulanır.

Qondarma rejimin festivalda iştirakının “Rusiya Federasiyasının dövlət sərhədi haqqında” qanunun da kobud şəkildə pozulması olduğunu diqqətə çatdıran ÜAK müvafiq strukturları tədbir görməyə çağırıb.

Qeyd edək ki, yanvarın 10-da Soçidə “KiViN-2017” Şən və Hazırcavablar Klubunun 28-ci beynəlxalq festivalı başlayıb. Bu festivalda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan “Bakı yığması” da iştirak edir. Eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separat rejimi təmsil edən “Çörək və duz ilə” adlı komanda da yarışa qatılıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR