Musiqili Teatr Fəcr Festivalında çıxış edib

Musiqili Teatr Fəcr Festivalında çıxış edib
# 18 yanvar 2017 09:05 (UTC +04:00)

Azərbaycan Dövlət Musiqili Teatrı İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında çıxış edib. Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, Musiqili Teatr festivalda Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli musiqili komediyasını təqdim edib.

Dünyanın 20 ölkəsinin təmsil olunduğu festival iştirakçıları və təbrizli tamaşaçılar səhnə əsərini maraqla qarşılayıblar.

Tamaşaçıların xahişi ilə “Ər və arvad” ikinci dəfə nümayiş olunub.

35-ci Fəcr Beynəlxalq Teatr Festivalında nümayiş olunan tamaşanın quruluşçu rejissoru Yusif Əkbərov, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı əməkdar rəssam Eldar Qurbanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanovdur.

Səhnə əsərində rolları əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, aktyorlar Gülcahan Salamova, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Hüseyn Əlili və Əliməmməd Novruzov ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR