Azərbaycanla BMT aqro-bioloji müxtəlifliyin qorunması sahəsində əməkdaşlıq edəcək

Azərbaycanla BMT aqro-bioloji müxtəlifliyin qorunması sahəsində əməkdaşlıq edəcək
# 07 fevral 2017 08:19 (UTC +04:00)

Bu gün Kənd Təsərrüfatı Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) arasında Aqro-biomüxtəliflik sahəsində birgə layihənin həyata keçirilməsi üzrə imzalanma mərasimi keçirilib.

"APA-Economics" xəbər verir ki, sənədi nazir Heydər Əsədov və BMT-nin rezident nümayəndəsi Qulam İshaqzai imzalayıblar.

Layihə Qlobal Ekologiya Fondu (GEF) və BMTİP tərəfindən Azərbaycanının Şəki, Goranboy və Göyçay rayonlarında beş il ərzində həyata keçiriləcək.

H. Əsədov bildirib ki, layihənin əsas məqsədi yerli aqrar məhsulların biomüxtəlifliyinin qorunması üzrə milli səyləri dəstəkləməkdir. Layihə çərçivəsində yerli məhsulların qorunması, aqro-biomüxtəlifliyin konservasiyasına dəstək, məhsuldarlığın artırılması, eləcə də yerli aqrar məhsullarının kommersiyası, kiçik aqrar bizneslərində istifadəsinə yol açan tədbirlər həyata keçiriləcək. Layihə, həmçinin aqro-biomüxtəliflik sahəsində biliyin artırılması, müvafiq institutlar və fermerlər arasında milli bacarıqların inkişafı, eləcə də yerli fermerlərin bazara çıxışının gücləndirilməsi istiqamətində addımlar atacaq.

Nazir qeyd edib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi, dayanıqlı və inklüziv iqtisadi inkişafın təbliği, institusional bacarıqların, eləcə də səmərəli ictimai və sosial xidmətlərin gücləndirilməsi, həmçinin ətraf mühitin idarə edilməsi və təbii fəlakətlərə qarşı dayanıqlığın artırılması kimi tədbirlərin dəstəklənməsində BMTİP layihələri öz töhfəsini verəcək.

Q. İshaqzai bu əməkdaşlığın gələcək perspektivlərini vurğulayıb: "Aqro-biomüxtəlifliyin qorunması dayanıqlı inkişaf üçün olduqca əhəmiyyətlidir və bir çox Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaqda vacib rol oynayacaqdır. Aqrar bio-müxtəlifliyin istifadəsi aqrar ekosistemlərin daha davamlı və məhsuldar olmasına yardım edəcək, eləcə də iqlim dəyişmələrinin idarəetməsinə və daha zəngin qidalanma, məhsuldarlıq və rifaha müsbət təsirini göstərəcək".

İmzalanma mərasimində həm nazir, həm də BMT-nin rezident nümayəndəsi Azərbaycanda kənd təsərrüfatı sahəsinə dövlət tərəfindən xüsusi diqqət ayrılmasını vurğulayaraq, bu layihənin qida təhlükəsizliyi, orqanik fermerçilik və fermerlərin yeni bazarlara çıxışına dəstəyi özündə əks etmiş kənd təsərrüfatı sahəsini prioritetləşdirən Strategi Yol Xəritəsinin həyata keçirilməsində də yardım edəcəyinə inandıqlarını əlavə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR