AMEA-da media nümayəndələri ilə görüş keçirilib

AMEA-da media nümayəndələri ilə görüş keçirilib
# 08 fevral 2017 13:23 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında media nümayəndələri ilə AMEA rəhbərliyi arasında görüş keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli bildirib ki, görüşün məqsədi akademiya ilə media qurumları arasında əlaqələrin genişləndirilməsidir: “Akademiya ilə media qurumları arasında informasiya mübadiləsinin aparılması həm cəmiyyət üçün, həm də Azərbaycan həqiqətlərinin dünyada təbliği üçün çox faydalı nəticələr verə bilər. Akademiya daxilində cəmiyyətimiz üçün faydalı proseslər barəsində, alimlərin kəşfləri haqqında məlumatların cəmiyyətə çatdırılmasında media mühüm rol oynaya bilər. Eyni zamanda akademiya öz informasiya resursları ilə mediaya köməklik göstərə bilər. Mən istərdim ki, alimlərlə mətbuat nümayəndələri arasında əlaqələr daha sıx və səmərəli olsun”.

Görüşdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mətbuat nümayəndələri ilə AMEA-nın əlaqələrinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, akademiyanın elmi institutlarında baş verən elmi proseslərin, nailiyyətlərin cəmiyyətə, beynəlxalq ictimaiyyətə çatdırılmasında medianın mühüm rolu var: “Biz bu sahədə maarifləndirmə işi aparmalıyıq. Qəzetlərin müəyyən nüsxələrinin kitabxanalara çatdırılması, jurnalistlərin kitabxanalara girişinin asanlaşdırılması vacib məsələlərdən biridir. Məhz bundan sonra Azərbaycan jurnalistləri ilə elmi müəssisələr və kitabxanalar arasındakı bağlılıq daha da genişlənər”.

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Vüqar Səfərli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz və başqaları tədbirinin əhəmiyyətindən danışıb, AMEA və media əlaqələrinin vacibliyini diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR