Zərdabda 10 min ha sahənin suvarılmasını reallaşdıracaq layihə icra olunur

Zərdabda 10 min ha sahənin suvarılmasını reallaşdıracaq layihə icra olunur
# 09 fevral 2017 19:43 (UTC +04:00)

Zərdab rayonunda 10 min hektar torpaq sahəsinin suvarılmasını reallaşdıracaq layihə icra olunur. APA - nın yerli bürosunun xəbərinə görə, Zərdab rayonunun Bəyimli qəsəbəsi ərazisindəki 10 min hektar torpağın suvarma təminatını həyata keçirmək məqsədilə “Azərsu” ASC tədbirlərə start verib. Layihəyə əsasən Kür çayının sahilində Təzəkənd kəndi ərazisində gücü 3 kubmetr/saniyə olan su nasos stansiyası tikilir. Hazırda su qəbuledicinin və su nasos stansiyasının tikintisi üçün torpaq işləri, eləcə də özülün tikilməsi üçün metal payaların quraşdırılması işləri davam etdirilir. Əkin sahələrinə suyun nəqlini təmin etmək məqsədilə diametri 1400 mm, uzunluğu 15 km olan magistral su xəttinin tikilməsi nəzərdə tutulub. Boruların 1 km-i əraziyə gətirilərək qaynaq işlərinə başlanılıb. Su nasos stansiyasını elektrik enerjisi ilə təmin etmək məqsədilə layihələndirmə işləri başa çatdırılıb və Zərdab 35/10 kilovoltluq yarımstansiyasından obyektə qədər 6,5 km uzunluqda yeni 35 kv-luq hava xəttinin çəkilişi işlərinə də başlanılıb. Bəyimli qəsəbəsinin ərazisində yeni əkin dövriyyəsinə daxil edilmiş sahələrdə əsasən pambıq və taxıl əkiləcək.

Bundan əlavə Zərdabın Əlvənd və Otmanoba kəndlərinin əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 3,4 kilometr nov kanalları şüşə lifli novlarla əvəzlənir. Nov kanalları Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi ilə “Qarabağ-R” MMC tərəfindən çəkilir. Artıq 1,5 kilometr məsafədə işlər başa çatdırılıb. Yeni nov kanalı hər iki kənddə, ümumilikdə, 700 hektardan çox əkin sahəsinin normal su ilə təmin olunmasına imkan verəcək.

Təmir-bərpa işlərinin may ayında yekunlaşdırılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR