Azərbaycan cüdoçusu reytinq siyahısında 92 pillə irəlilədi

Azərbaycan cüdoçusu reytinq siyahısında 92 pillə irəlilədi
# 14 fevral 2017 08:32 (UTC +04:00)

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fransada keçirilən “Böyük Dəbilqə”nin yekununa əsasən Azərbaycan idmançıları mövqelərini yaxşılaşdırıblar.

Belə ki, 60 kq çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxan Orxan Səfərov reytinq siyahısında 1 pillə irəliləyib. Hazırda ikinci pillədə yer alan həmyerlimiz “Böyük Dəbilqə”də yarımfinalda uduzduğu Naohisa Takatodan (Yaponiya) geri qalıb.

Nicat Şıxəlizadə (66 kq) də mövqeyini yaxşılaşdırıb. Parisdən “bürünc”lə qayıdan cüdoçu 2 rəqibini qabaqlamaqla, 6-cı yerə yüksəlib.

Komandamızın digər mükafatçısı Hidayət Heydərov (73 kq) isə fantastik sıçrayışa nail olub. 3-cü yer uğrunda Olimpiya mükafatçımız Rüstəm Orucovu məğlub edən gənc idmançı nə az, nə çox – 92 pillə irəliləyib. Reytinq xalını 582-yə çatdıran həmyerlimiz 31-ci yerə qalxıb. Məğlubiyyətə baxmayaraq, Orucov yenə öz çəkisinin birincisidi.

Rüstəmdən fərqli, Parisdə ilk görüşdə uduzan Elmar Qasımov (100 kq) liderliyi təhvil verib. O, ikinci pilləyə enib. Həmçinin “Böyük dəbilqə”də məğlubiyyətə üzülən Elxan Məmmədovla (100 kq) Uşanqi Kokuari (+100) də geriləyib. 3 rəqibini özündən irəli buraxan dünya çempionumuz 12-ci, 4 pillə aşağı düşən Kokuari isə 20-ci yerə düşüb.

Digər aparıcı cüdoçularımıza gəlincə, İlqar Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) hərəyə 1, Məhəmmədəli Mehdiyev (90 kq) 2 və Aişə Qurbanlı (48 kq) 3 pillə geriləyib. Onlar müvafiq olaraq, 18-ci, 49-cu, 22-ci və 44-cü yerdə qərarlaşıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR