İnternetdə zərərli informasiyaların yayılmasının qarşısının alınmasına dair qanun layihələri hazırlanıb

İnternetdə zərərli informasiyaların yayılmasının qarşısının alınmasına dair qanun layihələri hazırlanıb
# 15 fevral 2017 15:26 (UTC +04:00)

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova iclasın gündəliyinə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirib.

B. Muradova deyib ki, hər iki sənəd prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olub: “Bu dəyişikliklər informasiya sahəsində və telekommunikasiya sistemində vəziyyəti daha yaxşı tənzimləmək məqsədi daşıyır. Düzəlişlər internetdə mövcud olan qanunazidd fəaliyyətin aradan qaldırılmasına kömək edəcək”.

Milli Məclis aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Mirhəşim Seyid “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliyin internet informasiya resurslarından təhlükəsizliyin təmin edilməsi məqsədi daşıdığını nəzərə çatdırıb. Bunun üçün qanuna yeni fəsil, yeni maddələrin əlavə olunması təklif edilir. Beləliklə, internet informasiya resurslarının yaradılması, uçotu, yayılması, bəzi informasiyaların yayılmasının qarşısının alınması və buradan irəli gələn digər münasibətlər tənzimlənəcək.

İclasda qeyd edilib ki, “Telekommunikasiya haqqında” qanunda təklif edilən dəyişikliklər telekommunikasiya resurslarının kibertəhlükəsizliyini təmin etmək, baş vermiş kiberhücumların mənbələrini müəyyən etmək, istifadəçilərə qarşı yönəlmiş elektron təhlükələrin, gələcəkdə baş verəcək kiberhücumların qarşısını almaq üçün ölkədə internet xidməti göstərən operatorların və provayderlərin fəaliyyəti ilə bağlı münasibətləri tənzimləmək məqsədi daşıyır.

Millət vəkilləri Yevda Abramov, Əflatun Amaşov, Tahir Kərimli, Astan Şahverdiyev, Elman Nəsirov, Hikmət Məmmədov, Flora Qasımova, Fazil Mustafa, Sona Əliyeva çıxış edərək hər iki sənədlə bağlı fikirlərini bildiriblər. İclasda iştirak edən nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə hər iki qanun layihəsinin ölkədə ümumilikdə informasiya cəmiyyətinin inkişaf etdirilməsinə töhfə verəcəyini vurğulayıb.

Komitə üzvləri qanun layihələrini məqsədəuyğun hesab ediblər. Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR