Nazir: "Cənub Qaz Dəhlizinin vaxtında başa çatdırılması tərəfdaş ölkələrin münasibətindən asılıdır"

Nazir: "Cənub Qaz Dəhlizinin vaxtında başa çatdırılması tərəfdaş ölkələrin münasibətindən asılıdır"
# 22 fevral 2017 14:05 (UTC +04:00)

Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin III iclasında iştirak etmək məqsədilə Bakıda səfərdə olan Bolqarıstanın energetika naziri Nikolay Pavlovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.


Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, "Bulgarian Energy Holding", "Bulgargaz", "IGB" şirkətləri və Bolqarıstanın Energetika Nazirliyinin nümayəndələrinin iştirakı ilə keçən görüşdə "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının növbəti iclasını zəruri edən amillər, layihənin icra vəziyyəti və gələcəkdə genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.

N. Əliyev Bolqarıstanın belə geniş bir tərkibdə Məşvərət Şurasının iclasında təmsil olunmasını "Cənub Qaz Dəhlizi" layihəsinə yüksək münasibətin göstəricisi kimi qiymətləndirərək, enerji əməkdaşlığının iki ölkə münasibətlərinin mühüm istiqaməti olduğunu deyib. "Cənub Qaz Dəhlizi" layihəsinin vaxtında başa çatdırılması layihə üzrə əməkdaşlıq edən ölkələrin münasibətindən xeyli dərəcədə asılıdır", deyən Azərbaycanın energetika naziri Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb. Bolqarıstanın bu layihədə önəmli mövqeyə malik olduğu vurğulanaraq, Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) Azərbaycan qazının gələcəkdə daha geniş coğrafiyaya nəqlinə töhfə verəcəyi qeyd edilib.

Azərbaycanın enerji təhlükəsizliyi, enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə töhfələrini yüksək dəyərləndirən Bolqarıstanın energetika naziri Nikolay Pavlov iki ölkənin enerji əməkdaşlığını möhkəmləndirəcək IGB-nin icra vəziyyəti, maliyyələşdirmə məsələləri ilə bağlı ətraflı məlumat verib.

Bildirilib ki, İGB vasitəsilə 2020-ci ildə layihə çərçivəsində "Şahdəniz" yatağından hasil olunan qazın illik 1 mlrd. kubmetri Bolqarıstana çatdırılacaq. Bundan başqa, Bolqarıstan və Serbiya qaz kəmərlərini birləşdirən qaz kəmərinin (Bolqarıstan-Serbiya qaz interkonnektoru) 2019-cu ilin may ayınadək tikintisinə başlanması və 2020-ci ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır. Beləliklə, "Abşeron" və digər yataqların ehtiyatları hesabına əlavə qaz həcmləri ilə yanaşı, birləşdirici kəmərlər də "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətli dərəcədə genişlənməsini təmin edəcək.

Görüşdə həmçinin "Balkan" qaz anbarı layihəsi, Bolqarıstanın neft məhsulları bazarında Azərbaycanın iştirakı ilə bağlı da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR