Fövqəladə Hallar Nazirliyinin çempionatına yekun vurulub

Fövqəladə Hallar Nazirliyinin çempionatına yekun vurulub
# 24 fevral 2017 12:44 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) çoxnövçülük üzrə keçirdiyi çempionat bu gün başa çatıb. Apasport.az saytının məlumatına görə, İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutan 2 günlük yarışda 19 komandanın 80-ə yaxın idmançısı qüvvəsini sınayıb.

Gərgin keçən mübarizədən sonra komanda hesabında Dövlət Yanğından Mühafizə Xidmətinin yığması çempiona adına layiq görülüb. İkinci yeri Gəncə Regional Mərkəzinin komandası tutduğu halda, “üçlüy”ü Dövlət Sulardan Xilasetmə Xidmətinin işçiləri qapayıblar.

Şəxsi göstəricilərə görə Elmir Əhədov (FHN Akademiyası) qalib elan edilib. İkinci yeri Ülvi Rəcəbli (TTNDA), üçüncü pilləni Səlahəddin Mehdiyev (MMQ) tutub.

FHN-in İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Fizuli Musayev mükafatlandırma mərasimində çıxış edərək bildirib ki, bu yarışlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunub: “Bu bizim 2017-ci ildə ikinci yarışımızdı. Çıxışlar hər birimizi çox sevindirir. Ötən illə müqayisədə hündürlüyə tullanmada və 100 m məsafəyə qaçışda rekordlar qeydə alındı. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun idmançısı mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək. Fürsətdən istifadə edib, ona uğurlar arzulayırıq”.

Musayev qeyd edib ki, klublarının növbəti yarışı tennis idman növündən olacaq.

FHN-nin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov tədbirdə 26 fevral Xocalı Soyqırımından da danışılıb və ardınca şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. O, qalib gələn idmançılara uğurlar da arzulayıb.

Qeyd edək ki, fəxri kürsüdə yer alan idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR