Azərbaycan diasporu Niderlandda Kral sarayı qarşısında Ermənistan əleyhinə aksiya keçirib

Azərbaycan diasporu Niderlandda Kral sarayı qarşısında Ermənistan əleyhinə aksiya keçirib
# 27 fevral 2017 08:23 (UTC +04:00)

Amsterdamda Kral Sarayının qarşısındakı Dam meydanında Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25 ildönümü ilə bağlı etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada Avropanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri, tələbələr, türk icmasının təmsilçiləri iştirak edib.

Aksiyada “Xocalıya ədalət!”, “Qarabağ Azərbaycanındır”, “Ermənistan Azərbaycan torpaqlarından çıx”, “Ya Qarabağ, ya ölüm”, “Qarabağ bizimdir, bizim olacaq” şüarları səsləndirilib. Diaspor təşkilatlarının rəhbərləri ingilis, holland, italyan, fransız və rus dillərində çıxış edərək bildiriblər ki, Xocalı soyqırımı bütövlükdə insanlığa qarşı törədilmiş cinayətdir və bu cinayəti törədənlər ədalət mühakiməsi qarşısında cavab verməlidirlər. Aksiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını, Xocalı soyqırımına beynəlxalq birlik tərəfindən ədalətli siyasi-hüquqi qiymət verilməsini, xalqımızın məruz qaldığı terror və soyqırımı aktları törədənlərin cəzalandırılmasını tələb ediblər. Azərbaycanlılar Avropanın bəzi siyasi dairələrinin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını təəssüf hissi ilə qeyd ediblər.

Ermənistanın hazırkı rəhbərliyinin azərbaycanlılara qarşı aparılan hərbi əməliyyatların bilavasitə təşkilatçısı olduğu vurğulanan aksiyada “Bəs hanı beynəlxalq hüquq?”, “Haradadır həqiqət və ədalət?” kimi şüarlar səsləndirilib. Qeyd edilib ki, BMT-nin 4 qətnaməsinə hələ də riayət olunmayıb. Halbuki, Avropa dövlətləri istədikləri zaman hər hansı qətnamənin qısa müddətdə tətbiqinə nail ola bilirlər.

Aksiyada çıxış edən türk icmasının nümayəndəsi daim Azərbaycanla olduqlarını və həmişə ölkəmizi dəstəkləyəcəklərini bildirib. Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov isə dünya azərbaycanlılarının Xocalıya ədalət tələb etdiyini və cinayətkarların qanun qarşısında cavab verəcəklərinə inandığını vurğulayıb. Öz növbəsində Almaniya “Xəzər” Cəmiyyətinin sədri Etibar Qəniyev bildirib ki, Xocalı qırğınının “soyqırımı” kimi tanınmasına nail olmaq üçün hər bir soydaşımız öz gücünü və imkanlarını səfərbər etməlidir. Ukrayna Azərbaycanlılar Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev isə son illər Azərbaycan diaspor təşkilatlarının fəallaşmasının Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına təkan verəcəyini, cinayətkarların öz cəzalarını alacağına əminliyini bildirib. O qeyd edib ki, Xocalı soyqırımının bilavasitə təşkilatçıları hazırda Ermənistan rəhbərliyində və siyasi elitasında təmsil olunur. Finlandiya Azərbaycanlı Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay isə qeyd edib ki, dünyanın hansı ölkəsində olmağımızdan asılı olmayaraq Xocalı soyqırımının anım günündə bir yerdə olmaq hər bir azərbaycanlının borcudur: “Biz birlikdə səsimizi qaldıraraq “Xocalıya ədalət” kampaniyasına qoşulur və torpaqlarımızın azad olunmasını tələb edirik”.

Öz növbəsində Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer bildirib ki, bu il Xocalı soyqırımının 25-ci ildönümü Avropanın bütün ölkələrində silsilə tədbir və aksiyalarla qeyd olunub. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İosif Şaqal isə Xocalı soyqırımının insanlığa qarşı cinayət olduğunu qeyd edib.

Aksiya təşkilatçıları turistlərə və yerli əhaliyə Xocalı soyqırımı ilə bağlı bukletləri paylayaraq faciə haqqında məlumat veriblər.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR