Dövlət Gömrük Komitəsinin sədri Küveyt səfiri ilə görüşüb

Dövlət Gömrük Komitəsinin sədri Küveyt səfiri ilə görüşüb
# 03 mart 2017 15:16 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Ruminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

DGK-nın Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev ölkələrimiz arasında əlaqələrdən söhbət açıb, əməkdaşlığın davamlı olacağına əminliyini ifadə edib.

Ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədri bu islahatların iş adamlarının çevik, səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb.

A.Əliyev eyni zamanda, turizmin ölkəmizdə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri olduğunu və milli iqtisadiyyatın inkişafı üzrə Yol Xəritəsində mühüm yer tutduğunu diqqətə çatdırıb. Son bir il ərzində bir sıra ölkələrin, o cümlədən Körfəz ölkələrinin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş vizanın tətbiqi ilə Azərbaycana səyahət edən turistlərin sayının əhəmiyyətli dərəcədə artdığı da qeyd edilib. Ölkəmizə səyahət edən turistlərin daha rahat giriş-çıxışını təmin etmək üçün mövcud gömrük qaydaları barədə də qonaqlara ətraflı məlumat verilib.

Küveyt səfiri ölkəmizdə səfir kimi fəaliyyət göstərməsindən şərəf duyduğunu bildirib. Azərbaycanı və Körfəz ölkələrini ümumi maraqların birləşdirdiyini vurğulayan səfir Küveyt Dövlətinin Azərbaycanla münasibətləri bütün sahələrdə, eləcə də gömrük xidməti sahəsində genişləndirməkdə maraqlı olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR