OPEC: Hasilatın azaldılması üzrə öhdəliyin icrasında Azərbaycan aparıcı rol oynayır

OPEC: Hasilatın azaldılması üzrə öhdəliyin icrasında Azərbaycan aparıcı rol oynayır
# 06 mart 2017 13:51 (UTC +04:00)

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin 10 dekabr 2016-cı il tarixində Vyanada neft hasilatının azaldılması ilə bağlı əldə etdiyi razılaşmaya uyğun olaraq, Azərbaycan bu ilin fevral ayı ərzində gündəlik neft hasilatı ilə bağlı məlumatları Birgə Monitorinq Komitəsinin Birgə Texniki Komissiyasına təqdim edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, həmin məlumatlara əsasən, bu ilin fevral ayı ərzində respublika üzrə gündəlik neft hasilatı 776,4 min barrel olub. Bunun 726,4 min barelini xam neft, 50,0 min barelini isə kondensat təşkil edib. Gündəlik 604,1 min barel xam neft, 50,0 min barel kondensat, 26,8 min barel isə neft məhsulları ixrac edilib.

Beləliklə, 11 ölkənin 2017-ci il yanvarın 1-dən gündəlik neft hasilatını 558 min barel azaltmaları barədə əldə olunmuş razılaşma çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Qeyd edək ki, yanvar ayı ərzində Respublika üzrə gündəlik neft hasilatı 793,9 min barel olub.

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərindən ibarət Birgə Monitorinq Komitəsindən Energetika Nazirliyinə daxil olmuş məktubda Azərbaycanın anlaşmaya 214 % əməl etməsi qeyd edilərək, ölkəmizin mövqeyi təqdir edilib. Bildirilir ki, Azərbaycan bu prosesdə aparıcı rol oynayan ölkələrdən biridir və belə ölkələrin töhfələri olmadan OPEC və kartelə üzv olmayan ölkələr yanvar ayında hasilatın azaldılması ilə bağlı öhdəliyi 86%-dən az yerinə yetirəcək.

Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq hasilatın 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR