“Azərbaycan Dəmir Yolları”: İran tərəfində 600 metr uzunluğunda dəmir yolu qoyulub

“Azərbaycan Dəmir Yolları”: İran tərəfində 600 metr uzunluğunda dəmir yolu qoyulub
# 06 mart 2017 14:19 (UTC +04:00)

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində artıq İran tərəfində 600 metr uzunluğunda dəmir yolu qoyulub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın APA-ya verdiyi məlumata görə, hazırda Astarada (İran) geniş işlər aparılır. Bu işlərin tərkibinə 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalın inşası da daxildir. Astara (İran) stansiyasının və yük terminalının tikiləcəyi ərazidə torpaq yatağının işlənməsi və əraziyə düşən kommunikasiya qurğularının köçürülməsi, suötürücülərin tikintisi prosesi gedir.

Qeyd edək ki, 20 aprel 2016-cı ildə Azərbaycan ilə İranın dövlət sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğunda dəmir yolu körpüsünün təməlqoyma mərasimi keçirilib. Artıq Astara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişi və Astara çayı üzərindəki dəmir yolu körpüsünün tikintisi yekunlaşıb. Bu günlərdə sınaq qatarı sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR