Sülh Platforması dövlət rəsmilərini müharibə çağırışlarına son qoymağa çağırıb

Sülh Platforması dövlət rəsmilərini müharibə çağırışlarına son qoymağa çağırıb
# 10 mart 2017 12:40 (UTC +04:00)

Ermənistan-Azərbaycan Sülh Platforması dövlət rəsmilərini çıxışlarında müharibə çağırışlarına son qoymağa çağırıb.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə “Frans-Press” Agentliyinə (AFP) açıqlamasında əksini tapan müharibə ritorikası Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada bilər.

Sülh Platforması hesab edir ki, dövlət rəhbəri səviyyəsində belə bəyanatın verilməsi Ermənistanın danışıqlar prosesində maraqlı olmadığını bir daha ortaya qoyur: “Biz Ermənistan-Azərbaycan Sülh Platforması olaraq dövlət başçılarının müharibə bəyanatı verməsini qəbuledilməz sayırıq və bilirik ki, belə hallar məqsədindən asılı olmayaraq insanlarda düşmənçilik və nifrət hisslərinin artmasına səbəb olur. Bu da öz növbəsində sülh prosesinə ciddi təhlükə yaradır. Hesab edirik ki, dövlət rəhbərlərinin münaqişənin həlli ilə bağlı çıxışları ciddi və konkret məsələlər üzrə aparılmalı olan danışıqların konstruktivlik aurasını qorumalıdır. Eyni zamanda Rusiyada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı danışıqların dayandırılması səbəbləri haqqında səsləndirdiyi fikir bizdə çox ciddi narahatçılıq yaradır. Çünki sülh danışıqlarına ara verilən zaman silahların səsi daha gur eşidilir. Bu isə bütün region üçün böyük təhlükə və humanitar böhran deməkdir. Baş verə biləcək müharibə insan itkiləri ilə müşahidə olunan böyük faciələrə gətirib çıxarır ki, bu da münaqişənin həllini daha da çətinləşdirərək gələcək birgə yaşayış imkanlarını sıfıra endirir. Ermənistan-Azərbaycan Sülh Platforması olaraq yuxarıda qeyd olunan səbəbləri əsas götürərək dövlət başçılarını və rəsmilərini hərbi ritorikaya son qoymağa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk Qrupu həmsədrlərini danışıqların bərpa olunması üçün səylərin artırılmasına səsləyirik. Həmçinin, ATƏT-in Minsk qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qoşunların təmas xəttində yarana biləcək istənilən hərbi eskalasiyanın qarşısını almaq məqsədi ilə əvvəlcədən mandatlarına uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə çağırırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR