İrfan Çiftçi: “Azərbaycanda türkiyəşünaslığın, Türkiyədə isə azərbaycanşünaslığın inkişafı zəruridir” - MÜSAHİBƏ

İrfan Çiftçi: “Azərbaycanda türkiyəşünaslığın, Türkiyədə isə azərbaycanşünaslığın inkişafı zəruridir”  - <span style="color: red;">MÜSAHİBƏ
# 13 mart 2017 07:34 (UTC +04:00)

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçinin APA-ya müsahibəsi

- Hər şeydən əvvəl yeni işinizdə uğurlar diləyirik.

- Təşəkkür edirəm.

- Müstəqilliyə gedən illərdən üzü bəri sizin Azərbaycanla yaxın münasibətləriniz var. Əslində siz təxminən 30 ilin mədəniyyət müşavirisiniz. O illərdən başlayaq.

- Çox sağ olun, 20 ildən çoxdur ki, dostluğumuz olduğuna görə mənim Bakıya bu təyinatımı təqdir edə biləcək vəziyyətdəsiniz. Türkiyə ilə Azərbaycan xalqları nə qədər eyni kökdən gələn millət olsalar da, çağdaş zamanlarını tamamilə ayrı yaşamış iki qardaş ölkədir. Bu, çox önəmli bir şeydir. Yəni çağdaş zamanda baş verən dəyişikliklər böyük dəyişikliklərdir. 1700-cü illərə qədər bəşəriyyət 10 qat dəyişdisə, 2000-ci illərə qədər 1000 qat dəyişdi, 2000-ci ildən bəri isə 10000 qat – daha sürətlə dəyişdi. Biz çağdaş zamanlarda sovet blokuna daxil olan toplumlarla fərqli sistemlərdə yaşadıq. Hamı bizim aramızdakı münasibətləri bildiyini deyir, ancaq bunlar zənn ediləndən çox o tərəfdə olan, dərin şəkildə araşdırılması lazım olan münasibətlərdir. İnsanlara elə gəlir ki, ora ilə bağlı hər şeyi bilirlər, ona görə də səthi yanaşırlar. Məsələn, mədəniyyət sahəsində Türkiyə-Azərbaycan münasibətlərini qarşılaşdıranda oxuyan-yazanlarımız deyirlər ki, sadəcə 3 hərf fərqimiz var, hər şeyi anlamaq çox asandır. Mən uzun illərdən bəri bu işlərin içindəyəm, ədəbi əlaqələr çərçivəsində Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə bir arpa boyu yol qət edə bilməmişik. Yəni, sovet zamanında da Türkiyədə Səməd Vurğun, Hüseyn Cavid, Bəxtiyar Vahabzadə tanınırdı, indi də onlardan daha çox yazar-şairin tanındığını deyə bilmirik. Digər tərəfdən, mən illərdən bəri çalışsam da, kiril əlifbasını 2 nəfərə öyrədə bilmişəm, heç kim öyrənmir. Təfərrüatları öyrənmədiyimizə görə, münasibətlərimizi dərinləşdirə bilmirik. Bu mənada, məsələn, Ramiz Rövşənin, Rəsul Rzanın şeirləri, Afaq Məsudun romanları Türkiyədəki ədəbi elitanın, Tomris Uyarı, Edip Cansevəri, Orxan Pamuku oxuyan dairələrin maraq dairəsinə daxil ola bilmir. Bir neçə ay əvvəl Bakıdakı çıxışımda da dedim ki, Azərbaycanda ciddi şəkildə türkiyəşünaslığın, Türkiyədə isə ciddi şəkildə azərbaycanşünaslığın inkişaf etdirilməsi lazımdır. Yəni, münasibətlərimizi dərinləşdirməyimiz lazımdır. Toyda-bayramdakı kimi bir araya gəlib yeyib-içməklə münasibətlərimizi dərinləşdirə bilmərik. Beynəlxalq münasibətlər çərçivəsində də vəziyyət eyni şəkildədir. Məsələn, bu gün Qarabağ probleminə dair kimi danışdırsanız, ümumi şəkildə danışar, ancaq prosesi işin əvvəlindən bəri izləyən geniş məlumatlı çox az mütəxəssis var. Azərbaycanda da Türkiyəni dərindən bilən çox az insan var. Biz ixtisaslaşmaya önəm verməliyik. Bu olmadan münasibətlərimizin dərinləşməsi çox da mümkün deyil. Mən əməyə, çalışmağa inanıram, hər şeyi öz axarına buraxmağın tərəfdarı deyiləm. “Karvan yolda düzülür” prinsipi mənə çox tərs gəlir, bunu Şərq bicliyi kimi dəyərləndirirəm. Karvan yolda düzülər, ancaq eyni zamanda karvan yolda darmadağın ola bilər. Münasibətlərimizin rasional təməldə inkişaf etdirilməsi lazımdır. Bu baxımdan mən turizmin mühüm əhəmiyyət kəsb etdiyinə inanıram. Azərbaycanın 25 illik müstəqillik tarixinin şahidi kimi bunu deyə bilərəm ki, o vaxtlar Türkiyədən Azərbaycana investisiyalar və fikir layihələri gedirdi. Son 5 ildə isə Azərbaycandan Türkiyəyə ciddi sərmayə gəlir, indi Türkiyə iqtisadiyyatına birbaşa əcnəbi investisiyalar sahəsində Azərbaycan birinci yerdədir. Bu məsələ 20 il əvvəl hesab edilən bir şey deyildi. Bu sahələrdə müştərək və dinamik çalışma qrupları yaratmalıyıq. Azərbaycanın son illərdə idman və mədəniyyət sahəsində atdığı addımlar Bakını dünya şəhəri halına gətirdi. Türkiyənin turizm təcrübəsinin Azərbaycanda tətbiqinə ehtiyac olduğunu düşünürəm. Turizm baxımından Azərbaycanın Avropadakı türklərə də yönəlməsi lazımdır. Əminəm ki, uyğun şərtlər olsa, Avropaya gedən türk turistlərin yarısı Azərbaycana gedər. Təcrübələrimizi bölüşməklə birlikdə uyğun olan sahələrdə inteqrasiyaya da gedə bilərik.

- 2000-ci ilin mayında əsgərlikdən qayıtdığınız gün (deyəsən, evinizə baş çəkmədən) Rəsul Rzanın anadan olmasının 90-cı ilinə həsr edilmiş mərasimi idarə ediyinizi xatırlayıram. Azərbaycanla Türkiyə arasındakı ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi sahəsində fəaliyyətinizdən danışmağınızı xahiş edirəm.

- O vaxt biz Qərblə türk dünyası arasında münasibətlər yaratmağı hədəfləyən və Oljas Süleymenovun, Çingiz Aytmatovun da daxil olduğu Xəzər Forumunu yaradaraq Afaq Məsud, Zakir Fəxri və başqaları ilə birlikdə “Xəzər” dərgisini çıxarmağa başlamışdıq. Daha sonra Tərcümə Mərkəzi yaradıldı. O vaxt Xəzər Forumu Türkiyə ilə Azərbaycan arasında ədəbi-mədəni münasibətlərin inkişaf etdirilməsi üçün yeganə qapı idi, mən Türkiyə təmsilçisi idim. Bir çox toplantı təşkil etdik, sonra mən UNESCO Milli Komitəsində o işləri davam etdirdim. Əsl fəaliyyətim isə hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğan İstanbul bələdiyyə başqanı olduğu dönəmdə geniş vüsət aldı. Mən bələdiyyənin baş mədəniyyət idarəsinin rəisi idim. Tayyib bəyin təlimatıyla biz mədəniyyət mövsümünün açılışını Azərbaycan dövlət simfonik orkestrinin ifa etdiyi “Qarabağ üvertürası” musiqi nömrəsiylə açdıq. Yəni, Tayyib bəy siyasi həyatının ilk işini Azərbaycan dövlət simfonik orkestri ilə yapdı. 1994-cü ildə Camal Rəşid Rey konsert salonunda. O şəraitdə keçirdiyimiz Azərbaycan mədəniyyət günləri böyük hadisə idi. On gün davam edən Azərbaycan mədəniyyət günləri 1956-cı ildə Moskvada keçirilmiş Azərbaycan mədəniyyət günlərindən müqayisə edilməz dərəcədə böyük idi. Rəhmətlik Tofiq İsmayılovla o vaxt tanış olub xeyli iş gördük. Hörmətli Ərdoğanın bələdiyyə başqanlığı dönəmində Azərbaycandan Türkiyəyə gəlib konsert verməyən heç bir ciddi sənətkar olmadı. Önəmli yazarların demək olar ki, hamısını buraya dəvət etdik. Təəssüf ki, Tayyib bəy bələdiyyə başqanlığından ayrılandan sonra bələdiyyədə bu işlər zəiflədi. Ondan sonra mənə Azərbaycan Yazarlar Birliyinin Türkiyə təmsilçiliyini verdilər. Ramiz Rövşənin, Rəsul Rzanın şeirlərini, Əbülfəz Elçibəyin çox önəmli məqalələrini Türkiyə türkcəsinə mən çevirmişdim. Elçibəyin intellektual şəxsiyyətinin başa düşülməsində “Yeni Türkiye” dərgisində çıxan o yazılarının böyük əhəmiyyəti oldu. Bu işlərdə Türkiyədə mənə professor Yavuz Akpınar uzun illərdən bəri yol göstərici oldu, çağdaş Azərbaycan haqqında mən Yavuz xocamdan çox şey öyrəndim. Rəşad Məcidin vasitəsilə oradakı gənc ədəbi nəsillə əlaqələrim inkişaf etdi. Rəşada çağdaş türk ədəbiyyatının çap olunduğu dərgiləri, kitabları göndərməyimin nəticəsində artıq Azərbaycanda 10-15 yazar-şair müasir türk ədəbiyyatının paradiqmalarıyla yazır. Onlar Yəhya Kamaldan Haydar Ərgülənə, Lalə Müldürə qədər olan ədəbi nəsilləri özlərinə örnək alırlar. Sağ olsunlar, Azərbaycanın bəzi TV kanalları da illərdən bəri mənə etibar edir, onlara müasir türk ədəbiyyatı və mədəniyyəti barədə şərhlər verirəm. Azərbaycanda qədim və postmodern mədəniyyəti bir arada tutan geniş mədəniyyət çətiri var. Ata-babalarımın azərbaycanlı olmasına görə, mənim oralarla çox güclü bağlarım var. Mənşəyimdən əlavə, mən Azərbaycan mədəniyyətini dünyanın önəmli miraslarından biri kimi görürəm. O mədəniyyət türk dünyasına öncüllük etmə gücünə malikdir. Azərbaycanı türk dünyasının çağdaş dəyərləriylə birləşdirə biləcək bir mərkəz kimi görürəm. İnşallah, mənim də o fəaliyyətlərdə yerim olar. Heydər Əliyevin dönəmində yaranan güclü dövlətçilik ənənələri və maddi imkanları Azərbaycana önəmli mövqe vermişdir. Səmərəli işlər görmək üçün yaxşı imkanlarımız olacağına inanıram.

- Münasibətlərin dərinləşdirilməsinin lüzumunu vurğulayırsınız. Azərbaycanın gənc və orta yaşlı ədəbi nəslinin Türkiyədə yaxşı tanınmamasından bəhs edilir. Bununla bağlı hansı planlarınız var?

- Onunla bağlı hazırlıqlarımız var. Son səfərimdə Anar bəylə, Rəşadla bu barədə geniş danışdıq. Azərbaycan yazarlarının əsərləri Türkiyədə parça-parça, damla-damla çap ediləndə sanki gözdən itib gedir. Bunu sistemə salmağımız lazımdır. Məsələn, bəzi nəşriyyatlar Azərbaycan ədəbiyyatı seriyası açmalıdır. Türkiyədə ideologiyalarını bir tərəfə qoyub, sırf ədəbi baxımdan yanaşmaları üçün bəzi nəşriyyatlarla görüşdüm, Azərbaycan ədəbiyyatını seriya şəklində çap etməyə isti baxırlar. Bakıda kitab mağazaları açmaq barədə düşünəcəyik. Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Türk Tanıtma Fondunun ciddi dəstəkləri var, Azərbaycan fondlarının ciddi dəstəkləri var. Biz fikir və düşüncə ilə menecmenti birləşdirməliyik. Siz də bilirsiniz ki, illərdən bəri TÜYAP beynəlxalq kitab yarmarkasında, məsələn, Makedoniya anılır, Azərbaycan isə yox. Niyə Azərbaycanın yazarı TÜYAP-ın şərəf qonağı olmasın? TÜYAP-dakı Azərbaycan stendi çox zəif olur. Bundan sonra mən hər iki tərəf üçün çalışacağam. Mənim Türkiyədə ideoloji mövqeyim yoxdur, görülən işlərin keyfiyyətinə baxaram. Ataol Bəhramoğlu da mənim yaxın dostumdur, İsmət Özəl də məni sevər. Ədəbiyyata və mədəniyyətə bitərəf gözlə baxmağı bacarmaq lazımdır. Yapılmış işlər aybesrqin görünən ucudur, görüləcək çox iş var. Bakıda işimə başlamazdan əvvəl mənə fikirlərimi bölüşmə imkanı yaratdığına görə, APA-ya təşəkkür edirəm. İnşallah, əməkdaşlığımız Azərbaycanda da, Türkiyədə də bundan sonra ən yaxşı şəkildə davam edər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR