Rusiyalı tarixçi: "İşğal edilmiş ərazilərin Azərbaycana qaytarılması erməni terrorizminin final akkordu olacaq"

Rusiyalı tarixçi: "İşğal edilmiş ərazilərin Azərbaycana qaytarılması erməni terrorizminin final akkordu olacaq"
# 14 mart 2017 12:07 (UTC +04:00)

Bu gün günün ikinci yarısında Bakıda “Dağlıq Qarabağ münaqişəsi, özəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq konfrans davam edib.

APA-nın məlumatına görə, konfransda çıxış edən Gürcüstanın Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya Gürcüstandakı münaqişəni Qərbin törətmədiyini vurğulayıb. O bildirib ki, öz ölkələri olan Gürcüstanla mübarizədə abxazların müttəfiqi kimi Rusiya ilə bərabər yerli erməni əhalisi də çıxış edib: “Abxaziyada “Krunk” təşkilatının fəaliyyətini və 9 fevral 1993-cü ildə yaradılmış onun yetirməsi – “Baqramyan batalyonu” tərəfindən insanlığa qarşı törədilmiş cinayətləri dərindən araşdırmaq lazımdır. Abxaziya müharibəsi zamanı Baqramyan adına batalyonun döyüşçülərinin qəddarlığı və vəhşilikləri gürcü və erməni xalqlarının tarixində araşdırılmamış qalır. Gürcüstanın Baş Prokurorluğunda Abxaziya müharibəsi zamanı dinc gürcü əhalisinə qarşı törədilmiş cinayətlər barədə 200 cildlik material saxlanılır. Bu cinayətlər hamıya məlum olmalı və dünya ictimaiyyəti tərəfindən qınanmalıdır. Mən ermənilərin bu xəyanətini unuda bilmirəm”.

Rusiyanı Gürcüstanın müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağıran Q. Marxuliya qeyd edib ki, Gürcüstanın Rusiya ilə bölüşməyə heç nəyi yoxdur.

Gürcüstan Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurasının üzvü Samirə İsmayılova bildirib ki, Rusiya prezidenti yanında İctimai Palatanın üzvü Maksim Şevçenkonun Qərbin Qafqazda sülh istəməməsi barədə mövqeyini bölüşmür: “Azərbaycan kimi, Gürcüstanın da ərazilərinin 20 faizi işğal altındadır. Ukrayna, Gürcüstan və Azərbaycanda baş verənlərdə Rusiyanın iştirakı yoxdur? Maksim Şevçenko dedi ki, Qarabağda müharibə başlasa, Ermənistan Rusiyaya dəhliz tələb edəcək, Gürcüstanın suverenliyi təhlükə altında qalacaq. Bu yanaşma yolverilməzdir”.

Konfransda "Qriqori Artsruni və erməni millətçiliyinin irqçilik və kollaborasionizminin kökləri" mövzusunda çıxış edən Türkiyənin İstanbul Universitetinin tarix elmləri doktoru Mehmet Bora Perinçek bildirib ki, Osmanlı Türkiyəsində 1915-ci ilin hadisələri və həmçinin Xocalı faciəsinə gətirib çıxarmış dönüş nöqtələrini anlamaq üçün erməni millətçiliyinin yaranması və xüsusiyyətləri ilə bağlı məsələlərin araşdırılması vacib əhəmiyyət kəsb edir: “Erməni millətçiliyinin kollaborasionizmə meylliyi, fanatizm və aqressivliyin kökləri onun ideoloqlarının nəşrləri və sənədlərində aydın görünür. Bu planda erməni millətçiliyinin birinci ideoloqu Qriqori Artsruni (1845-1892) olub. Onun ideyaları və yaratdığı bazis erməni millətçiliyinin səbəblərini anlamaq üçün böyük əhəmiyyət kəsb edir. Erməni millətçiliyinin ilk nəzəriyyəçilərindən olaraq Artsruni öz fəaliyyətində Avropa xalqlarını Asiyanın erməni və digər xristian xalqları ilə birgə türk xalqlarına qarşı mübarizə aparmaq və məhv etməyə çağırır. O, bunu “vəhşi millətlərə qarşı sivil millətlərin”, ari və semit tayfalarının Turan tayfasına qarşı müharibələri adlandırırdı. Artsruninin ideyaları ilə silahlanmış erməni millətçiləri Osmanlı Türkiyəsində qırğın törətdilər və erməni əhalisinə qarşı cavab hərəkətlərinə səbəb oldular. Artsruninin ideyalarında böyümüş erməni millətçilərinin yeni nəsilləri SSRİ-nin süqutu dövründə Qarabağ münaqişəsini yaratdılar, Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törətdilər, indi isə Ermənistan hakimiyyətində möhkəmləniblər”.

Konfransda "Qarabağda müharibə - insanlıq tarixində ilk terror müharibəsi" mövzusunda çıxış edən rusiyalı tarixçi Oleq Kuznetsov qeyd edib ki, 1988-1994-cü illərin Qarabağ müharibəsi terror müharibəsidir, onun bütün məzmunu terror istiqamətli cinayətlərin məcmusu və ardıcıllığını ifadə edir: “Transmilli erməni terrorizmi sosial-iqtisadi, ictimai-siyasi və hüquqi hadisə kimi XIX yüzilliyin sonunda Osmanlı İmperiyası ərazisində yaranıb, oradan Rusiya İmperiyası və Balkan ölkələrinə keçib və buradan da sonra Qərbi Avropa və Şimali Amerikaya yayılıb. Erməni terrorizminin ilk cinayətləri 1890-cı ildə törədilib və buna görə də onun məşhur 1915-ci ildə Osmanlı İmperiyasındakı “erməni soyqırımı” mövzusu ilə heç bir əlaqəsi yoxdur. Müasir Ermənistanın hakim dairələri əslində Ermənistan SSR-in əhalisini hakimiyyətdən və dövlətin maliyyə resurslarından tamamilə uzaqlaşdırmış Dağlıq Qarabağ separatçılarının silahlı birləşmələrinin keçmiş səyyar komandirlərinin qrupudur. Buna görə də Ermənistan hakimiyyəti heç zaman beynəlxalq hüquq normalarının tələblərini birtərəfli qaydada yerinə yetirməyə razı olmayacaq: bir dəfə qanuna nifrət etmiş terrorçular, bir daha ona əməl etməyəcəklər. İşğal edilmiş ərazilərin Azərbaycana qaytarılması onlar üçün siyasi və ola bilsin ki, fiziki intihar anlamına gəlir. Bu, həmçinin transmilli erməni terrorizmi fenomeninin mövcudluğunun final akkordu olacaq və insanlıq tarixinin daha bir qaranlıq səhifəsinə çevriləcək".

Tədbir çıxışlarla davam edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR