Azərbaycan prezidenti: "Aİ ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır"

Azərbaycan prezidenti: "Aİ ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır"
# 14 mart 2017 22:06 (UTC +04:00)

Fransa şirkətləri Azərbaycan iqtisadiyyatına 2 milyard dollardan çox sərmayə qoyublar və Azərbaycanda bir çox önəmli layihələrdə iştirak edirlər.

APA-nın xəbərinə görə, bunu Parisdə sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. Prezident Azərbaycanın kosmik sənayesinin inkişafında Fransa şirkətlərinin dəstək olduqlarını qeyd edib: “Eyni zamanda, şəhər nəqliyyatı, nəqliyyat, infrastruktur, su, içməli su layihələri, ekoloji layihələr və digər layihələr icra edilir. Biz bu əməkdaşlıqdan çox məmnunuq. Fransa şirkətləri ilə keçirdiyim görüşlərdə onları bir daha inandırdım ki, Azərbaycanda xarici sərmayə üçün çox gözəl iqlim var. Eyni zamanda, Azərbaycanın iqtisadi potensialı artır. Beləliklə, daha çox Fransa şirkətləri Azərbaycanda uğurlu podratçı kimi fəaliyyət göstərə bilərlər”.

Dövlət başçısı humanitar sahədə də əməkdaşlığın çox uğurlu olduğunu qeyd edib: “Cənab prezident həm mədəniyyət və təhsil sahələrində bunu qeyd etdi. Sadəcə bir məqamı vurğulamaq istəyirəm ki, bizim prezident Ollandla qəbul etdiyimiz qərarlardan dərhal sonra layihələr icra olunmağa başlayıb. Biz bunu məhz Fransa-Azərbaycan Universitetinin timsalında görürük. Qısa müddət ərzində - qərar qəbul olunandan bir neçə ay sonra artıq Universitet öz qapılarını tələbələrin üzünə açdı. Bu Universitetə çox böyük maraq var”.

Dövlət başçısı bütün başqa sahələrdə də çox fəal əməkdaşlıq edildiyini qeyd edib: “Prezident qeyd etdi ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri böyük əhəmiyyət daşıyır. Keçən ay Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə əlaqədar danışıqlara start verilib. Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır. Bizim məhsullarımızın böyük əksəriyyəti Avropaya ixrac edilir və eyni zamanda, Avropa İttifaqı Azərbaycanda ən böyük investordur. Biz müxtəlif layihələr icra edirik və onların arasında xüsusilə Cənub Qaz Dəhlizini qeyd etmək istəyirəm. Azərbaycanın təşəbbüsü ilə icra edilən bu strateji qaz kəməri Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. “Cənub Qaz Dəhlizi” layihəsinin ümumi dəyəri 40 milyard dollardır və Azərbaycan da həm sərmayədar, həm icraçı, həm də təşəbbüskar ölkə kimi bu layihənin həyata keçirilməsində fəal iştirak edir.

Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir. Biz çox istəyirik ki, əlaqələr daha da yüksək səviyyəyə qalxsın, beləliklə, Fransa və Azərbaycan xalqları bir-birinə daha da yaxın olsunlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR