“Azərenerji” ilə SOCAR arasında ödənişlərin tənzimlənməsi proseduru müəyyənləşib

“Azərenerji” ilə SOCAR arasında ödənişlərin tənzimlənməsi proseduru müəyyənləşib
# 15 mart 2017 12:48 (UTC +04:00)

“Azərenerji” ASC və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə proseduru müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, “Azərenerji” ASC ölkə daxilində satılmış elektrik enerjisinin dəyərinin daxil olması üçün müvəkkil bankda xüsusi bank hesabı açır və “Azərenerji” ASC tərəfindən satılmış elektrik enerjisinə görə daxil olan vəsait həmin bank hesabına mədaxil edilir. Bank hesabına mədaxil edilmiş vəsaitin 45 faizi müvəkkil bank tərəfindən mütəmadi olaraq avans ödənişi şəklində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin xüsusi bank hesabına, 5 faizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına, 15 faizi isə “Azərenerji” ASC-nin cari bank hesabına köçürülür və bu barədə “Azərenerji” ASC-yə məlumat verilir. Hər ay başa çatdıqdan sonra, növbəti ayın 15-dək əvvəlki ay ərzində “Azərenerji” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, “Azneft” İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun həcmi və dəyəri barədə üzləşmə aktı tərtib edilərək bir nüsxəsi Nazirlər Kabinetinin 2016-cı il 30 dekabr tarixli 534 nömrəli qərarı ilə yaradılmış Komissiyaya təqdim edilir, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsindən alınmış təbii qazın, “Azneft” İstehsalat Birliyindən və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən alınmış mazutun həcmi və dəyərinin ödənilməmiş hissəsi üzrə dəqiqləşdirmələr aparılır və qalıq borcun məbləği “Azərenerji” ASC tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin və “Azneft” İstehsalat Birliyinin xüsusi bank hesablarına, habelə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin cari bank hesabına köçürülür. “Azərenerji” ASC-nin xüsusi bank hesabında qalan vəsait xüsusi layihələrin icrasına yönəldilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR