“Qəbələ” Milan “İnter”i ilə qarşılaşacaq

“Qəbələ” Milan “İnter”i ilə qarşılaşacaq
# 15 mart 2017 14:01 (UTC +04:00)

Gələn ay Gürcüstanın paytaxtı Tiflisdə 16 yaşadək futbolçulardan ibarət komandalar arasında turnir keçiriləcək. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Tiflis “Dinamo”sunun əfsanəvi yarımmüdafiəçisi Vitali Daraseliyanın xatirəsinə həsr olunan yarışda “Qəbələ” də iştirak edəcək.

Aprelin 20-25-i aralığında baş tutacaq turnirdə yerli “Dinamo”, həmçinin “Qəbələ” ilə yanaşı, daha 6 komanda mübarizə aparacaq. Bunlar “İnter” (İtaliya), “Gent” (Belçika), “Dinamo” (Zaqreb, Xorvatiya), “Dinamo” (Kiyev, Ukrayna), “Trabzonspor” (Türkiyə) və “Alkmaar”dı (Hollandiya).

Final qarşılaşması istisna olmaqla, bütün oyunlar “Dinamo” Akademiyasının meydanında keçiriləcək. Həlledici görüş isə “Dinamo Arena”da oynanılacaq.

Qeyd edək ki, Vitali Daraseliyanın xatirəsinə həsr olunan turnir artıq ənənə halını alıb. Ötən il keçirilən I yarışda “Alkmaar” komandası çempion olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR