Bakıda Mehmet Akif Ərsoy anılıb

Bakıda Mehmet  Akif  Ərsoy anılıb
# 15 mart 2017 15:48 (UTC +04:00)

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mehmet Akif Ərsoyun anım mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, millət vəkilləri Qənirə Paşayeva, Hikmət Babaoğlu, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edib.

Yunus Emre İnstitutunun təşkilatçılığı ilə baş tutan mərasimdə Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin himnləri səslənib.

Səfir Erkan Özoral Mehmet Akif Ərsoyun türk ədəbiyyatının inkişafındakı xidmətlərindən danışıb, onu Türkiyənin istiqlal şairi adlandırıb: “Mehmet Akif Ərsoy təkcə böyük şair yox, həm də böyük vətənpərvər insan və Türkiyə himninin müəllifidir. O, həyatının hər dövründə millət və vətən sevgisini hər şeydən üstün tutub, bütün ömrünü ölkəsinə həsr edib. Mən çox sevinirəm ki, bu böyük şairi dost və qardaş Azərbaycanda yad edirik, ona rəhmət diləyirik”.

Millət vəkilləri Qənirə Paşayeva və Hikmət Babaoğlu, Yunus Emre İnstitutunun rəhbəri İbrahim Yıldırım Mehmet Akif Ərsoyu XX əsrin ən böyük şairlərindən biri, türk dünyasının parlaq ziyalısı kimi dəyərləndiriblər.

Tədbirdə aktyorlar tərəfindən şairin şeirləri və türkülər səslənib və proqram kölgə tamaşası ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR