Mart üzrə pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb

Mart üzrə pensiyaların maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılıb
# 16 mart 2017 09:02 (UTC +04:00)

2017-ci ilin mart ayı üzrə ölkəmizdə əmək pensiyalarının nəzərdə tutulan qrafikdən əvvəl maliyyələşdirilməsi üçün aidiyyəti tədbirlərin görülməsi təmin olunub. Xüsusən də qarşıdan gələn Novruz bayramı nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaların maliyyələşdirilməsinin bayrama qədər tam yekunlaşdırılması təmin olunub. Bu barədə "APA-Economics"ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən, Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların artım səviyyəsinin getdikcə yüksəlməsi, eyni zamanda Maliyyə Nazirliyinin dəstəyi bütün ölkə üzrə pensiyaların maliyyələşdirilməsini belə tez həyata keçirməyə imkan yaradıb: "Əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsait Fondun mərkəzi xəzinə hesabından müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülüb. Pensiyaların maliyyələşdirilməsi üçün mart ayı üzrə 272,9 milyon manat vəsaitin tam köçürülməsi təmin edilib".

Cari ilin yanvar-fevral aylarında Fondun gəlirləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 15,7% artaraq 561,5 mln. manata yüksəlib. Həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6% artaraq 274,5 mln. manata çatıb. Müsbət məqamlardan biri kimi, qeyri-büdcə sektorundan daxilolmaların 180,3 mln. manat təşkil etməsi və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,4% artması qeyd edilməlidir".

Artım dinamikasının 2017-ci ilin növbəti aylarında da əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtında həyata keçirməyə imkan verəcəyini söyləmək olar.

2017-ci il 1 yanvar tarixinə olan məlumata əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 milyon 315 min 229 nəfər təşkil edir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 8,2% artaraq 192,19 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 213,81 manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR