I Beynəlxalq Su Həftəsinin iştirakçıları Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüşüb

I Beynəlxalq Su Həftəsinin iştirakçıları Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüşüb
# 16 mart 2017 13:38 (UTC +04:00)

Bakıda keçirilən Birinci Beynəlxalq Su Həftəsi və Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubiley tədbirləri çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyində yerləşən Hacı Zeynalabdin Tağıyevin ev muzeyində kompleksin tikintisində müstəsna xidmətləri olmuş Uilyam Lindleyin və Hacı Zeynalabdin Tağıyevin varisləri ilə görüş keçirilib.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən xəbərə görə, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı H. Z. Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış ev muzeyi barədə ətraflı məlumat verib. N. Vəlixanlı bildirib ki, H. Z. Tağıyevin vaxtilə yaşadığı binada yerləşən muzeydə onun həyat və fəaliyyətini, o dövrün ictimai-siyasi, sosial-iqtisadi mənzərəsini əks etdirən qiymətli sənədlər və eksponatlar saxlanılır.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, XX əsrin əvvəllərində çəkilən Şollar kəməri Şamaxı zəlzələsindən sonra quberniyanın mərkəzi olaraq yenicə diqqəti özünə cəlb edən Bakı şəhəri üçün də nicat, xilas missiyasına çevrilib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Şollar-Bakı Su Kəmərinin istifadəyə verilməsi və fəaliyyəti ilə bağlı geniş məlumat verib. O, bildirib ki, Şollar mənbəyindən Bakıya su kəmərinin çəkilməsi ideyasının dəstəklənməsində və layihənin reallaşdırılmasında U. Lindley və H. Z. Tağıyevin xüsusi xidmətləri olub. Bakının neft milyonçularından olan Tağıyev bir sıra sosial layihələri həyata keçirib ki, onların arasında Şollar-Bakı su kəməri xüsusi qeyd olunmalıdır: “Tağıyev Bakı Şəhər Dumasının üzvü olmaqla yanaşı, həm də Su Təchizatı Komissiyasında təmsil olunurdu. O, Avropa ölkələrinə səfərlərində su və kanalizasiya sistemləri ilə yaxından tanış olur və Bakı şəhəri üçün də belə bir layihəni vacib sayır və bu məsələni şəhər rəhbərliyi qarşısında qaldırırdı. Məhz onun və Lindleyin prinsipiallığı nəticəsində Şollar-Bakı layihəsi reallaşıb və Bakıda ilk dəfə mərkəzləşdirilmiş şəbəkə qurulub. Odur ki, bizlər və gələcək nəsillər Bakı şəhərinin içməli su təchizatında müstəsna xidmətləri olan Tağıyevin və Lindleyin xatirəsini heç zaman unutmayacağıq”.

Layihənin 100 illiyi münasibətilə Lindleylər ailəsi adından təşəkkürlərini bildirən Eugen Jozef ulu babasının xatirəsinə göstərilən ehtiramı yüksək qiymətləndirib, bu səfərin onlarda xoş təəssürat yaratdığını qeyd edib. H. Z. Tağıyevin nəticəsi Kamilla Abdullayeva ulu babasının xatirəsinin uca tutulmasından minnətdarlığını bildirib.

Sonra “Azərsu” ASC adından Milli Azərbaycan Tarixi Muzeyinə üzərində H. Z. Tağıyev və U. Lindleyin şəkli həkk olunmuş lövhə hədiyyə olunub. Muzey də öz növbəsində qonaqlara H. Z. Tağıyevə həsr olunmuş nəfis tərtibatlı kitab-albom və “Muzeyin inciləri” kataloqunu hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR