Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda panel keçirilib

 Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda panel keçirilib
# 16 mart 2017 13:44 (UTC +04:00)

V Qlobal Bakı Forumu çərçivəsində "Transatlantik münasibətlərin gələcəyi: Siyasi realizmə qayıdış" mövzusunda panel keçirilib.

APA-nın xəbərinə görə, Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vaira Vike-Frayberqanın moderatorluğu ilə keçirilən paneldə Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Argentinanın sabiq vitse-prezidenti Xulio Sezar Kobos, Ekvadorun sabiq prezidenti Rosalia Arteaga, ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin müxbir üzvü Edvard Luttvak və Katerina Yuşşenko iştirak ediblər.

R. Plevneliev bildirib ki, Avropa İttifaqı unikal bir sülh layihəsidir: "Avropa İttifaqında böyük Almaniya kiçik Estoniya ilə bərabərdir. Avropa İttifaqında qaydalar hamıya şamil olunur. Əslində elə qaydalar hamıya şamil olunmalıdır. Bütün dünyada, o cümlədən Latın Amerikasında, Avropada, Asiyada münaqişələr ona görə başlayır ki, kimsə qaydaları pozur. Avropa İttifaqının özünün 11 problemi var. Liderlər silahları yox, diplomatiyanı üstün tutmalıdırlar. İnsanlar liderlərdən bu böhranların həllini gözləyirlər. Qarşıdan yeni sülh dövrü gələcək. Artıq heç kim müharibə istəmir".

Serbiyanın sabiq prezidenti Boris Tadiç deyib ki, dünyada mövcud olan qaynar nöqtələr narahatedicidir: "Münaqişələrin həll edilməsi ilə bağlı aparılan danışıqlarda müəyyən çətinliklər var. Hesab edirəm ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsindən sonra biz ümumi dəyərlər ətrafında daha sıx birləşəcəyik. Biz çox müharibələrin şahidi olmuşuq. Buna görə də istəmirik ki, sivilizasiyalar bir-biri ilə mübarizə aparsınlar, əksinə, sivilizasiyalar bir-biri ilə uzlaşmalıdır. İndi siyasi realizm vaxtı deyil. Əgər siyasi realizmə qayıtsaq, insanlar müharibələrlə üzləşəcəklər. Biz çox ciddi şəkildə miqrasiya problemi ilə də məşğul olmalıyıq".

Ə. Musa qeyd edib ki, siyasi realizm maraqlarla bağlıdır və onun üçün heç bir dəyər yoxdur: "Siyasi realizmdə BMT-nin Xartiyasına, beynəlxalq hüquqa hörmət yoxdur. Ona görə də biz siyasi realizmə qayıtmadan əziyyət çəkdiyimiz problemləri birgə həll etməliyik".

Argentinanın bütün enerjisini problemlərin həllinə yönətdiyini vurğulayan X. S. Kobos bildirib ki, yeni bir dünyanın qurulması üçün siyasi, iqtisadi, mədəni inteqrasiya üstün tutulmalıdır: "Argentina bizim müzakirə etdiyimiz mövzulara öz töhfəsini verə bilər. Biz dünyaya inteqrasiya etmək istəyirik. Bizim də çətinliklərimiz var. İnvestisiyalar lazımdır. Yeni dünya ssenarisində ən əsası sülhə əmin olmalıyıq. Biz bu yola inanırıq".

R. Arteaga, K. Yuşşenko və E. Luttvak da mövzu ətrafında çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR