Əfqanıstan XİN rəhbəri: “Kabil Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim dəstəkləyir”

Əfqanıstan XİN rəhbəri: “Kabil Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim dəstəkləyir”
# 16 mart 2017 17:30 (UTC +04:00)

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Əfqanıstanın xarici işlər nazirinin müavini Hikmət Xəlil Karzaini qəbul edib.

Azərbaycan XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Azərbaycan və Əfqanıstan arasında dostluq və əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. İki ölkənin rəhbərləri arasında yüksək səviyyəli dialoqun və bu xüsusda prezidenti İlham Əliyevin Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində görüşünün əlaqələrin inkişafına xüsusi təkan verdiyi qeyd olunub

Nazir Elmar Məmmədyarov Azərbaycanın 2017-ci il üzrə “Asiyanın Qəlbi – İstanbul Prosesi”nə həmsədrlik funksiyasını öz üzərinə götürdüyünü diqqətə çatdıraraq, 17 mart tarixində İstanbul Prosesində iştirak edən dövlətlərin yüksək vəzifəli rəsmilərinin Bakıda keçiriləcək iclasının bu təşəbbüsə töhfə verəcəyinə əminliyini ifadə edib.

Nazir müavini Hikmət Karzai ölkəsinin İstanbul Prosesinə xüsusi əhəmiyyət verdiyini qeyd edərək Azərbaycanın 2017-ci il üzrə İstanbul Prosesinə həmsədrlik etməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Hikmət Karzai Əfqanıstanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini qeyd edib. O, Əfqanıstanın prezident İlham Əliyev tərəfindən 2017-ci ilin İslam həmrəyliyi ili elan edilməsi təşəbbüsünü tam şəkildə dəstəklədiyini qeyd edərək, ölkəsinin idmançılarının İslam həmrəylik oyunlarında yaxından iştirak edəcəyini deyib.

Həmçinin, Azərbaycanın NATO-nun Qətiyyətli dəstək missiyasına verdiyi töhfəsi də təqdir olunub.

Görüşdə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, nəqliyyat, elm-təhsil, təlim və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR