Albaniya prezidentinə Dillər Universitetinin fəxri doktoru adı verilib

Albaniya prezidentinə Dillər Universitetinin fəxri doktoru adı verilib
# 17 mart 2017 09:09 (UTC +04:00)

Albaniya prezidenti Buyar Nişaniyə Azərbaycan Dövlət Dillər Universitetinin fəxri doktoru adı verilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən universitetin rektoru Əfqan Abdullayev iki ölkə arasındakı münasibətlərin tarixindən danışıb.

O bildirib ki, ikitərəfli münasibətlər siyasi, iqtisadi, enerji və mədəniyyət kimi sahələri əhatə edir. Albaniyanın turizm, sənaye və infrastruktur sahəsinə azərbaycanlı investorları fəal cəlb etdiyini deyən rektor iki ölkənin BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiyini söyləyib. Ə. Abdullayev həmçinin Azərbaycanla Albaniyanın ərazi bütövlüyü və suverenlik məsələsində bir-birini dəstəklədiyini deyib. O iki ölkə arasında tələbə-professor mübadiləsinin artırılmasının qarşılıqlı əlaqələri dərinləşdirilməsinə kömək edəcəyini də vurğulayıb.

B. Nişani fəxri ada layiq görüldüyünə görə fəxr və məsuliyyət hissi keçirdiyini deyib. "Albaniya qarşısına çoxlu məqsədlər qoyub. Onlara nail olmaq üçün Azərbaycan da daxil olmaqla, tərəfdaşlarımız öz töhfəsini verir. Azərbaycan onların arasında xüsusi yer tutur. Azərbaycan enerji resurslarından səmərəli istifadə və idarə olunması baxımından bizim üçün örnək ölkədir".

Hər iki ölkənin çətin zamanlardan keçdiyini və azadlıqları uğrunda mübarizə apardığını deyən B. Nişani hazırda qarşıda bir sıra ümumi məqsədlərin olduğunu vurğulayıb.

Sonra Albaniya prezidenti tələbələrin suallarını cavablandırıb.

Tədbirdə həmçinin “Qarabağ” futbol klubunun albaniyalı oyunçusu Ansi Agolli də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR