Bakı Forumunda Avropanın gələcəyi müzakirə edilib

Bakı Forumunda Avropanın gələcəyi müzakirə edilib
# 17 mart 2017 10:33 (UTC +04:00)

V Qlobal Bakı Forumu çərçivəsində “Avropanın gələcəyi” mövzusunda panel keçirilib.

APA-nın xəbərinə görə, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdzijanın moderatorluğu ilə keçirilən paneldə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniç, Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski, Belçikanın sabiq baş naziri Yves Leterme, Sloveniyanın sabiq prezidenti Danilo Türk, Niderlandın sabiq baş naziri Vim Kok, Latviyanın sabiq prezidenti Valdis Zatlers, Çexiyanın keçmiş baş naziri Jan Fişer və İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini iştirak ediblər.

M. İvaniç bildirib ki, Avropa İttifaqı üçün ən önəmli məsələ təhlükəsizlikdir: “Avropa İttifaqında digər əsas problemlərdən biri də qərar qəbuletmə ilə bağlıdır. Mən Balkan yarımadası ölkələrindən birinin təmsilçiyəm. Bizim regionu Avropa İttifaqı olmadan təsəvvür etmirəm. Avropa bizim üçün bir çətirdir. Hesab edirəm ki, miqrasiya problemlərinə görə Avropa İttifaqı yox olmayacaq, dağılmayacaq. Avropa İttifaqı iki il əvvəl də çox böyük problemlərlə üzləşmişdi. Lakin vəziyyətdən çıxış yolu tapıldı”.

A. Kvasnevski deyib ki, Niderlandda keçirilən seçkilərdən sonra Avropa daha canlı görünür: “Demoqrafiya, miqrasiya Avropa İttifaqı üçün əsas problemdir. Miqrasiya Avropa İttifaqının gələcəyi məsələsidir. Düşünürəm ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi nəticəsində Balkan ölkələri üçün geniş yer açılıb”.

Y. Leterme qeyd edib ki, Avropada solçularla sağçılar arasında fərq yox olmağa başlayıb: “Bizim vətəndaşlarımız həqiqətən avrodan istifadə etmək, Avropa İttifaqının daxilində sərbəst hərəkət etmək istəyirlər. Bir məsələni də qeyd etməliyəm ki, hazırda populizmin qalib gəlmək şansı yoxdur”.

D. Türk də hesab edir ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi ilə Balkan ölkələri üçün şans yaranıb: “Ötən il Bosniya və Herseqovina Avropa İttifaqına üzvlük üçün müraciət edib və artıq müəyyən irəliləyişlərə nail olunub. Digər Balkan ölkələri də bu istiqamətdə addımlar atacaq. Yaxın vaxtlarda olmasa da, gələcəkdə Avropa İttifaqının genişlənəcəyi ilə bağlı ümidliyəm”.

V. Kok bildirib ki, bu ilin 2-ci yarısında avro yenə müzakirə mövzusu olacaq: “ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Avropa bir alman layihəsidir. Bu, düzgün olmayan bəyanatdır. Prezident Tramp Avropa İttifaqına üzv olan digər ölkələri də Böyük Britaniya kimi təşkilatı tərk etməyə ruhlandırır. Fikrimcə, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi düzgün qərar deyildi”.

V. Zatlers Latviyanın Avropa dəyərlərinə sadiq olduğunu bəyan edib. J. Fişer və F. Frattini Avropada təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini çatdırıblar.

Panelin sonunda iştirakçılar tərəfindən suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR