Ramil Usubov BƏƏ səfiri ilə görüşüb

Ramil Usubov BƏƏ səfiri ilə görüşüb
# 17 mart 2017 15:23 (UTC +04:00)

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mohamed Hamel Alqubaisini qəbul edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Birləşmiş Ərəb Əmirliklərinin müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olduğunu, beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini qeyd edərək ölkələrimizin başçıları arasında şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, ən yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini, xüsusən son illər bu əlaqələrin dinamik şəkildə, uğurla inkişaf etdiyini bildirib.

2007-ci ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinə səfərini, azərbaycanlı mütəxəssislərin Dubay şəhərində fəaliyyət göstərən "Təhlükəsiz şəhər" sisteminin işi və funksiyaları ilə yaxından tanış olduqlarını məmnunluqla xatırladan R. Usubov artıq 2009-cu ildən eyniadlı texnoloji yeniliyin əməliyyat-xidməti fəaliyyətdə uğurla tətbiq edildiyini, iki ölkənin müvafiq strukturları arasında əlaqələrin inkişafında, cinayətkarlıqla, xüsusən onun mütəşəkkil növlərinə qarşı mübarizədə BƏƏ polisinin zəngin təcrübəsinin öyrənilməsində Azərbaycan tərəfinin hər zaman maraqlı olduğunu nəzərə çatdırıb.

Vaxtilə tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin və insan alveri ilə mübarizə üzrə əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını diqqətə çatdıran R.Usubov bu görüşün birgə işbirliyinin daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini vurğulayıb.

Mohamed Hamel Alqubaisi səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edib, təqribən bir il yarımlıq diplomatik fəaliyyəti dövründə paytaxt da daxil olmaqla ölkəmizin bütün bölgələrində hökm sürən stabillik, əmin-amanlıq şəraitindən məmnunluq duyduğunu deyib. Məhz təhlükəsizlik və sabitlik faktorlarının, ən müasir tələblərə cavab verən yeni infrastrukturların və xidmət sahələrinin yaradılması hesabına respublikamızın əcnəbilər üçün cəlbedici dövlətə çevrildiyini, nəticədə son bir ildə Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında 100 dəfədən də çox artımın müşahidə edildiyini vurğulayan səfir bu işdə ölkə rəhbərliyinin və hüquq-mühafizə orqanlarının danılmaz rolu olduğunu diqqətə çatdırıb, sonrakı fəaliyyəti dövründə də münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR