"AccessBank" 20 mln. avroluq kredit cəlb edib

"AccessBank" 20 mln. avroluq kredit cəlb edib
# 17 mart 2017 14:57 (UTC +04:00)

Avropa İnvestisiya Bankı (AİB) "AccessBank"a 20 mln. avro məbləğində ikinci kredit ayırıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, təqdim olunan vəsaitlər Azərbaycanda fəaliyyət göstərən kiçik və orta müəssisələrin kreditləşdirilməsinə yönəldəcək. Bank ölkədə mikro, kiçik və orta biznesi maliyyələşdirən aparıcı maliyyə təşkilatı olduğundan, bu tranzaksiya özəl sektorun inkişafını dəstəkləyəcək.

"2014-cü ildə Azərbaycanda fəaliyyətə başlayandan bizim yaxın tərəfdaşımız olan AİB-in dəstəyini yüksək qiymətləndiririk. Bu sövdələşmə hazırkı dəyişkən iqtisadi şəraitdə AİB-in bankımıza olan yüksək inam və etimadını əks etdirir və bir daha "AccessBank"ın beynəlxalq partnyorları tərəfindən güclü dəstəyə malik olduğunu təsdiq edir", - "AccessBank"ın İdarə Heyətinin sədri Mihael Hoffmann bildirib.

Bu kredit AİB-in Xarici Kreditləşmə Mandatının vəzifələrinin bir hissəsidir. Mandat yerli özəl sektorun inkişafına, xüsusilə KOB müəssisələrinin, sosial və iqtisadi infrastrukturun dəstəklənməsinə, eləcə də iqlim dəyişikliklərinin yumşaldılmasına və uyğunlaşmasına yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR