Hikmət Çətin: "Populizm bütün cəmiyyətlərdə sülh və sabitliyə böyük təhdiddir"

Hikmət Çətin: "Populizm bütün cəmiyyətlərdə sülh və sabitliyə böyük təhdiddir"
# 17 mart 2017 15:07 (UTC +04:00)

V Qlobal Bakı Forumu çərçivəsində "Ekstremizm və populizm beynəlxalq təhlükəsizliyə qarşı ən böyük hədə hesab edilirmi?" mövzusunda panel keçirilib.

APA-nın xəbərinə görə, panelin moderatoru Kateryna Yuşşenko (2005-2010-cu illərdə Ukraynanın birinci xanımı-red.) olub.

K. Yuşşenko deyib ki, populizm təhsilsiz kütlələri özünə çəkir, qloballaşmanın qarşısının alınması, millətçiliyi özündə ehtiva edir: "Bu gün populizmə Filippindən ABŞ-a qədər ölkələrdə rast gəlinir. Bir neçə il əvvəl biz bunu proqnozlaşdırıla bilməzdik. Bəs populizmi idarə etmək mümkün olacaqmı? Populizm və ekstremizm cəmiyyətlərin diqqətini yayındırmaq üçünmü istifadə edilir?".

Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku isə bildirib ki, bəzi liderlər qorxudan istifadə edərək ksenofobiya yaradırlar: "Bizə yalnız mənəvi debatlar lazım deyil, fərqli debatlar lazımdır. Qərbdə gənclərin mentaliteti son 20 ildə sürətlə dəyişib. Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə referendum və ABŞ-da prezident seçkiləri İkinci Dünya Müharibəsindən sonra ilk dəfə populizmin nəticəsi kimi ortaya çıxdı. "Postrus" artıq faktların deyil, şəxslərin emosiyaların öndə olduğunu bildirən anlayışdır. Faktlar ikinci yerdə dayanır. Biz sadəcə, populizm ideyalarının qınanması ilə kifayətlənə bilmərik. Medianın təbliğ etdiyi demokratik dəyərlər nə üçün qəbul olunmayıb? Bu sahədə məğlubiyyət etiraf olunmalıdır? İnsan ləyaqətinə hörmətlə yanaşılması əsas götürülməlidir. Kommunistlərin dövründə yaşayanlar populizmin nə demək olduğunu yaxşı bilir. Populizm münaqişələri həll etmir, dondurmur. Son 100 ilin tarixi göstərir ki, ideyalar utopiyaya əsaslanırsa, avtoritarizmə gətirir. Belə təəssürat yaranır ki, cəmiyyət istənilən ideyaları qəbul edəcək. Travma almış cəmiyyətlərin yetişdirdiyi liderlər hansı missiyanı yerinə yetirmək üçün çalışdıqlarını izah edə bilmirlər".

Latviyanın sabiq baş naziri Laimdota Straujuma qeyd edib ki, iqtisadi böhranlar, miqrasiya və terrorizm Avropada qütbləşməni gücləndirib: "Populizm real problemlərin kənar təsirindən yaranır. Populistlər bu problemlərdən istifadə edərək proqramlarını yaradırlar. Dünyada 10 faiz varlıların gəliri digər 90 faizin gəlirindən 10 dəfə çoxdur. Bu, ciddi sosial bərabərsizlikdir. Bu, cəmiyyət tərəfindən heç də müsbət qarşılanmır. Bərabərsizliyin əsas səbəblərindən biri texnologiyaların sürətlə inkişaf etməsidir. Texnologiyaların sürətli inkişafı yüksək keyfiyyətli təhsil tələb edir. Bəzi insanların bacarıqları yeni texnologiyalarla işləmək üçün yetərli olmur. Bu insanlar populizmin tərəfdarları olurlar. Digər tərəfdən, populizm demokratiyaya bir təhlükədir. Populistlər problemləri həll etmirlər, problemləri bir kənara qoyurlar. Populistlər fərqli bir elitadır və siyasi hakimiyyəti ələ keçirmək məqsədilə o an üçün məqbul olanları söyləyirlər. Populistlər məhkəmələrə məhdudiyyətlər qoyur, populist fikirləri tənqid edən müxalifəti, medianı günahlandırırlar. Problemlərə görə xarici təqsirləndirir və yalnız özlərinin xalqı təmsil etdiyini iddia edirlər".

L. Straujuma populistləri demokratik proseslərə cəlb etməyin vacib olduğunu söyləyib: "Həm Avropa İttifaqında, həm də digər ölkələrdə idarəetməni təkmilləşdirməliyik. Biznes özü qaydaları formalaşdırır. Biz cəmiyyətə islahatlara nə üçün ehtiyac olduğunu izah etməliyik. Biz insanların dediklərini eşitməli və vədlərimizə əməl etməliyik. Biz hamımız seçkilərdən əvvəl müəyyən qədər populist oluruq. Biz dediklərimizə əməl etməliyik. Digər tərəfdən, təhsil populizmin əsaslarını məhv edə bilər. O cümlədən miqrasiya problemini həll etməliyik. Nəzərə almaq lazımdır ki, insanlar iş, sosial məsuliyyətli siyasətçilər istəyirlər. İqtisadi durğunluq özlüyündə populizmə gətirib çıxaracaq. Populistlərin seçkilərdə qalib gəldiyi ölkələrdə nələrin baş verdiyini görürük".

Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin isə son zamanlar yaranmış yeni bir təhdid olduğunu vurğulayıb: "Ekstremizm tarixən həmişə mövcud quruluşa təhdid yaradıb. Populizm isə son vaxtlar ortaya çıxmış fenomendir. Populizm daha az ideologiyaya söykənir, ayrıca qrup insanlara müraciət edir. ABŞ-da Donald Trampın seçkilərdə qələbəsi buna misaldır. Azlıqlar populist hərəkatların hədəfinə çevrilirlər. Populizm təbiətinə görə ayrı-seçkilikdir. Ekstremizm fanatiklərə istinad edir, populizm adi insanlara istinad edir. Populizm bütün cəmiyyətlərdə sülh və sabitliyə böyük təhdiddir. Populizm diqqəti yayındırır, resursları başqa istiqamətə yönəldir. Populistlər qısa müddət üçün addımlar atır, bu addımlar daha çox xarici siyasətlə bağlı olur. Bu da beynəlxalq gərginliyə səbəb olur. Biz çox narahatıq ki, Avropada təhlükəsizlik keçmişdəki kimi qalacaqmı? Donald Tramp seçki kampaniyasında BMT-ə və NATO-ya hücum edirdi. İndi nə olacağı bilinmir. Bu baxımdan bizim gözümüz Niderlandda idi. Niderlandda parlament seçkilərində əhali düzgün seçim etdi. Elə bir yol seçilməlidir ki, Niderlandda olduğu kimi populizm məğlub edilə bilsin. Populizm müəyyən bir dövrdən sonra aktuallığını itirəcək. Bəs biz populizmi necə aradan qaldıra bilərik? Burada təhsil mühüm rol oynayır. Bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu da çox mühümdür. Biz rifah məsələlərində uğursuz olduğumuz üçün populizm meydana çıxıb".

Oksford Tədqiqatları Qrupunun təsisçisi Scilla Elvorthy Ruandanın populizmdən böyük əziyyət çəkdiyini xatırladıb: "1994-cü ildə Ruandada soyqırımı olub. Hazırda isə Ruandada parlament üzvlərinin yarıdan çoxu qadındır, Ruanda inkişaf etməkdədir. Yaxud İrlandiyada iki qadın prezidentin hakimiyyəti dövründə bir çox problemlər, gərginliklər həllini tapıb".

Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti Aleksander Likhotal qeyri-real siyasətin qorxulu olduğunu vurğulayıb: "Keçən il 36 min insan ekstremizm nəticəsində həlak olub? Bəs Qərb ölkələri niyə bunun qarşısını almayıb? Təəssüf ki, biz qorxularımıza reaksiya veririk. 36 min insanın yalnız 0,5 fazi avropalı olub. Bəs Avropa niyə bununla məşğul olmalıdır? Əgər Avropa ekstremizmi real təhlükə sayırsa, bunun qarşısını almalıdır? ABŞ, Avropa dövlətləri və Rusiya kəşfiyyatı ekstremistlərin, terrorçuların nefti hansı şirkətlərə satdığından məlumatsızdır? Bu cür neft satışının illik həcmi 62 milyard dollar olub. Bu qədər vəsaitin banklardan izsiz köçürülməsi mümkün deyil. Ekstremizm son nəticədə populizmin artmasına gətirib çıxarır və biz bu gün bunu Avropada müşahidə edirik".

Beynəlxalq Yaşıl Xaç Cəmiyyətinin prezidenti bu gün dünyada vahid qaydanın hökm sürmədiyini nəzərə çatdırıb: "Donald Tramp ABŞ-ın dünyada təsirini azaldacaq. Ancaq 10 il sonra dünyada nə baş verəcəyini bilmirik. Bu gün Rusiya yeni iddialarla deyil, köhnə fobiyalarla ortaya çıxıb. Vladimir Putin əfsanəni reallığa çevirdi. Məsələn, ABŞ-da seçkilərə müdaxilə ilə bağlı gələcəkdə Vladimir Putin müsahibələrinin birində bir söz desə, bu, Donald Trampın impiçmentinə gətirib çıxarar. Bunu Vladimir Putin bilir. Əsl problem demokratik sistemimizin artıq iqtisadi maraqlara xidmət etməsi, alətə çevrilməsidir. İnamsızlıq düşməni yaradır, düşmən inamsızlığı yaratmır".

Beynəlxalq və Avropa Məsələləri İnstitutunun üzvü, səfir Fransis O`Donnel isə populistləri tənqid etməyin asan olduğunu bildirib: "Qloballaşmanın mənfi tərəfləri də var. Siz bazarları açırsınız, ölkəyə xarici sərmayələr gəlir. Bu zaman çox böyük iqtisadi oyunçular ortaya çıxacaq, oliqarxlar yaranacaq. Bir neçə oyunçu olur və dominantlıq baş verir. ABŞ-da artıq bu, baş verib və medianın yanlış məlumat verməsi qənaəti formalaşır. Əsas media orqanları, CNN və digərləri oliqarxların əlindədirsə, bu, problem yaradır. Bütün bunlar yaxşı idarəçiliyə də mənfi təsir göstərir, populizmə əlverişli zəmin yaradır. Biz iqtisadiyyatda dövlətin rolunu araşdırmalıyıq. Biz iqtisadiyyatda makroiqtisadi tənzimləmə istəmirik. Biz balansı təmin etməliyik. Qloballaşma ilə bağlı müəyyən problemlər həll olunmalıdır, əks halda populizm problemini həll edə bilməyəcəyik".

O, miqrantların Avropada demoqrafik problemin həllində mühüm rol oynaya biləcəyini vurğulayıb: "Ancaq miqrantlara bir təhlükə kimi yanaşılır, bu da düzgün deyil".

Tədbir müzakirələrlə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR