Bakıda I sinfə qəbul üçün elektron qaydada 13 877 valideyn sorğu yerləşdirib

Bakıda I sinfə qəbul üçün elektron qaydada 13 877 valideyn sorğu yerləşdirib
# 17 mart 2017 15:42 (UTC +04:00)

Bakıda birinci sinfə elektron qaydada ərizə qəbulu davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 18-ə kimi birinci sinfə qəbul üzrə 13 877 valideyn sorğu yerləşdirib.

Onlardan 12 259 nəfəri övladlarının təhsil alması üçün ümumi təhsil məktəblərini, 1 618 nəfəri isə lisey və gimnaziyaları seçib.

Qeyd edək ki, 2017-2018-ci tədris ili üçün Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu prosesi 15 mart–15 sentyabr 2017-ci il tarixlərini əhatə edir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə I sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin mektebeqebul.edu.az saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 15 mart-15 sentyabr 2017-ci il tarixlərini əhatə edən elektron ərizənin qeydiyyatı prosesində valideynlər məktəbi, təlim dilini və müəllimi seçməlidirlər. Hər hansı səbəbdən özü elektron qeydiyyatdan keçə bilməyən şəxslər Bakı şəhərinin hər inzibati rayonunda I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək məqsədilə 50 məktəbdə yaradılmış Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət edə bilərlər.

Həmçinin, I sinfə şagird qəbulu prosesində valideynlərlə (qanuni nümayəndələrlə) qeydiyyat və sənəd qəbulu üzrə yarana biləcək mübahisəli məsələlərin həlli məqsədilə Bakı şəhəri üzrə 6 ümumi təhsil müəssisəsində Apelyasiya Komissiyaları təşkil olunub.

Qeyd edək ki, ümumi təhsil məktəbinin I sinfinə 2017-ci il sentyabrın 15-nə kimi 6 yaşı tamam olan, fiziki və əqli cəhətdən normal inkişaf etmiş, eləcə də Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada xüsusi istedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu üzrə müsahibədən uğurla keçmiş 16.09.2011-ci il tarixindən 31.12.2011-ci il tarixinədək olan dövrdə anadan olan və dövlət ümumi təhsil müəssisələrində ödənişsiz məktəbəhazırlıq qrupunu bitirmiş uşaqlar qəbul edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR