“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı - 2017” beynəlxalq layihəsinin rəsmi açılışı olub

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı - 2017” beynəlxalq layihəsinin rəsmi açılışı olub
# 18 mart 2017 10:11 (UTC +04:00)

“Gəncə MDB-nin Mədəniyyət Paytaxtı - 2017” beynəlxalq layihəsinin rəsmi açılışı olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev mərasimi açaraq qonaqları dahi Azərbaycan şairi Nizami Gəncəvinin yurdunda görməkdə məmnun olduğunu bildirib. E. Vəliyev Gəncənin qədim tarixə, mədəniyyətə malik və MDB mədəniyyət paytaxtı adına layiq bir şəhər olduğunu qeyd deyib.

MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin həmsədri, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvidkoy çıxışında bildirib ki, Gəncə SSSR vaxtı əsasən sənaye mərkəzi kimi tanınsa da, şəhərin tarixi, elm və incəsənəti daim inkişaf edib.

O, Gəncənin dünyaya Nizami Gəncəvi kimi dahi şəxsiyyət bəxş etdiyini deyərək elə bu göstəricinin şəhərin mədəniyyət paytaxtı olmasına kifayət etdiyini deyib. M. Şvıdkoy Gəncənin nəinki MDB-nin, dünyanın mədəniyyət paytaxtı adına layiq olduğunu vurğulayıb.

MDB İcraiyyə Komitəsinin Humanitar əməkdaşlıq, ümumsiyasi və sosial problemlər Departamentinin direktor müavini Amoncan Eşankulov təbriklərini çatdırıb, 2011-ci ildən hər il müxtəlif şəhərlərin bu statusu əldə etdiyini, lakin Gəncənin bu adı daha layiqli şəkildə daşıyacağına inandığını bildirib. O, Gəncənin qədim adət-ənənələri saxlamaqla müasir üslubda inkişaf edən şəhər olduğunu söyləyib. A. Eşankulov Gəncənin qədim "İpək yolu" üzərində yerləşən şəhər olduğunu, buranın xalça və ipəyinin məşhur olduğunu diqqətə çatdırıb.

Daha sonra Gəncə şəhərinə 2017-ci il MDB-nin Mədəniyyət Paytaxtı Sertifikatının təqdimetməsi olub. Sertifikat Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevə təqdim edilib.

Millət vəkili Pərvin Kərimzadə, AMEA-nın Gəncə bölməsinin elmi katibi, akademik Fuad Əliyev də tədbirdə çıxış edərək Gəncənin elm, təhsil və dahi şəxsiyyətləri barədə danışıblar. Bildirilib ki, Gəncə son illər bir sıra beynəlxalq layihələrə ev sahiblik edərək bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib.

Sonda 2016-cı ildə idman sahəsində əldə etdiyi uğurlara görə bir qrup idmançı təltif olunub.

Layihənin açılışından sonra qonaqlar Heydər Əliyev Park Kompleksində Novruz bayramı münasibəti ilə keçirilən ümumşəhər tədbirində iştirak ediblər.

Günün ikinci yarısında isə “Gəncə MDB-nin Paytaxtı - 2017” beynəlxalq layihənin rəsmi açılışına həsr olunmuş konsert keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR