Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkilib

Milli Qəhrəman Çingiz Qurbanov haqqında film çəkilib
# 30 mart 2017 12:11 (UTC +04:00)

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanov haqqında film çəkilib.

APA-nın xəbərinə görə, “ARB Media Qrup”un lentə aldığı “Çin olan yuxu” adlı ekran işində Milli Qəhrəmanın şərəfli həyat yoluna nəzər salınıb. Filmin çəkilişləri Ç. Qurbanovun doğulduğu Qusar rayonunun Həzrə kəndində, ali təhsil aldığı Azərbaycan Texniki Universitetində və onun xidmət etdiyi Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissədə aparılıb. Filmin ideya müəllifi və baş prodüseri Vəli Turan, quruluşçu rejissoru isə Dəyanət Rzayevdir.

Aprelin 1-də Çingizin məzun olduğu Texniki Universitetdə filmin təqdimatı keçiriləcək. Geniş tamaşaçı kütləsi isə filmi aprel ayının 3-ü, saat 21:15-də “ARB TV”-nin efirində izləyə biləcək.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub.

Ç. Qurbanovun nəşi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra şəhid Ç. Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.

Fevralın 7-də prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR