Koreya jurnalında Heydər Əliyev Mərkəzi haqqında məlumat yerləşdirilib

Koreya jurnalında Heydər Əliyev Mərkəzi haqqında məlumat yerləşdirilib
# 31 mart 2017 11:11 (UTC +04:00)

Heydər Əliyev Mərkəzinin eksteryer və interyerinin fotoları, habelə bina barədə qısa məlumat Koreya dilində nəşr olunan “Ab-Road” jurnalında çap olunub.

Azərbaycanın Koreyadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu, Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü və səyləri nəticəsində baş tutub.

Fotolar və məlumat jurnalının 2017-ci ilin mart sayının “Dünyanın ən yaxşı arxitekturaları” bölməsində yerləşdirilib. Məlumatda Mərkəz binasının dizaynının müəllifi Zaha Hadid olduğu və 2014-cü ildə “İlin dizaynı” mükafatına layiq görüldüyü, binanın qeyri-adi xarici görünüşü və heyranedici interyeri, memarlıq üslubu barədə bəhs edilir. Eyni zamanda, məqalədə sənət əsərinin adi bir binadan daha çox canlı bir gövdəni xatırlatdığı, binanın ən görkəmli hissəsinin Konsert zalı olduğu, döşəməsindən tavanına qədər incə palıd ağacından hazırlanmış zalın oturacaqlarının melodik şəkildə düzüldüyünü, Mərkəzin 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etmiş Heydər Əliyevin adına inşa edildiyi qeyd olunur.


Jurnalda Heydər Əliyev Mərkəzi ilə yanaşı, İstanbulda yerləşən Sultan Əhməd məscidi, Barselonadakı La Sagrada Familia kilsəsi, Vatikandakı Sistina ibadətgahı, İsveçrədəki Müqəddəs Qallen kitabxanası və bir sıra digər məşhur arxitektura nümunələrinə yer verilib. 2006-cı ildən fəaliyyət göstərən və hər ay dərc olunan “Ab-Road” turizm haqqında jurnaldır, Koreyada bu istiqamətdə ən praktik və informativ jurnallardan biri kimi tanınır. Aylıq 50.000 tirajla Koreya dilində çap olunan “Ab-Road” jurnalı əsasən Koreya aviaşirkətləri tərəfindən sərnişinlərə təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR