Tiflisdə dağ turizmi ilə bağlı beynəlxalq konfrans keçirilir

Tiflisdə dağ turizmi ilə bağlı beynəlxalq konfrans keçirilir
# 05 aprel 2017 09:23 (UTC +04:00)

Tiflisdə BMT və Dünya Turizm Təşkilatının dəstəyi ilə “Dağ turizminin davamlı inkişafı üçün innovasiya strategiyası” adlı III beynəlxalq konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan İqtisadiyyat və Sabit İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Gürcüstan baş naziri Georgi Kvirikaşvili, iqtisadiyyat və sabit inkişaf naziri Giorgi Qaxariya, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, Koreyanın Ulsani şəhəri merinin müavini Hio İon Vuk və Gürcüstan Milli Turizm Administrasiyasının rəhbəri Giorgi Çoqovadze çıxış edib.

G. Kvirikaşvili Gürcüstanda dağ turizminin inkişafına xüsusi diqqət verildiyini bildirib. Onun sözlərinə görə, ölkə hər il turizmdən milyardlarla gəlir əldə edir: “Son 5 ildə Gürcüstana gələn turistlərin sayı 800 faiz artıb. Biz Bakuriani, Tuşeti və Baxmaro kurortlarında dağ turizminin inkişafına investisiya yatırırıq, bu sahəni inkişaf etdirməyə çalışırıq. Gürcüstanla Avropa İttifaqı ölkələri arasında vizasız rejimin qüvvəyə minməsi ölkəmizə gələcək turistlərin sayını artıracaq”.

T. Rifai isə 2017-ci ilin dünyada dağ turizmi ili olduğunu bildirib: “Bu ilin üç ayı ərzində Gürcüstana gələn turistlərin sayı keçən il ilə müqayisədə iki dəfə artıb. Gürcüstan ərazisinin 24 faizi dağlarla əhatə olunub. Mən bütün ölkələrin turistlərini Gürcüstana səyahət etməyə çağırıram”.

Tədbirdə Azərbaycanı Şahdağ Turizm Mərkəzinin rəhbəri Rüstəm Nəcəfov təmsil edir. O, jurnalistlərə açıqlamasında bildirib ki, dağ turizminin inkişafı Azərbaycan üçün yeni sahədir: “Azərbaycanda dağ turizminin inkişafı üçün rekreasiya zonaları yaradılır. Bu zonalardan ikisi Quba və Qusar dağlarında yaradılacaq. Biz Azərbaycanda əhali arasında dağlarda istirahətlə bağlı təbliğat aparırıq”.

Konfransda turizm sahəsinə yerli əhalinin cəlb edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə dağ kurortlarının iqtisadi potensialını müzakirə ediləcək. Sessiyalarda iqlim dəyişiklikləri, beynəlxalq bazarlarda dağ kurortunun təbliği və təşviqatı, eləcə də ekoloji, struktur və marketinqlə bağlı məsələlərə diqqət yetiriləcək.

Konfrans aprelin 7-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR