“Bakı Marafonu 2017”-də iştirak üçün 6385 nəfər qeydiyyatdan keçib

“Bakı Marafonu 2017”-də iştirak üçün 6385 nəfər qeydiyyatdan keçib
# 07 aprel 2017 10:16 (UTC +04:00)

Heydər Əliyev Mərkəzində “Bakı Marafonu 2017”-nin Təşkilat Komitəsinin mətbuat konfransı keçirilib. APA-nın xəbərinə görə, mətbuat konfransında ilk olaraq “Bakı Marafonu 2017” ilə bağlı qısa video-çarx nümayiş olunub.

“Sport Marketing Group” şirkətinin direktoru Ayaz Əhmədov bildirib ki, "Küləyə qalib gəl" şüarı ilə keçiriləcək “Bakı Marafonu 2017”-nin keçirilməsində əsas məqsəd idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar üçün bir araya gətirməkdən ibarətdir: “Bakı Marafonu 2017” aprelin 30-u saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunacaq. Marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Yarışın fan zonası isə Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçılar, eləcə də uşaqlar üçün xüsusi proqramlar nəzərdə tutulur. Marafonda iştirak üçün aprelin 7-dək 6385 nəfər qeydiyyatdan keçib. Biz bu rəqəmin aprelin 30-na kimi 10 000-ə çatacağını gözləyirik. İştirakçılara müraciət edərək bildirmək istəyirəm ki, aprelin 30-u idman geyimində, saat 08:00-da start xəttində olsunlar".

O qeyd edib ki, qeydiyyat fevralın 10-dan başlayıb və aprelin 20-dək davam edəcək: "Marafonda 16 yaşdan yuxarı hər kəs, Azərbaycan və digər ölkələrin vətəndaşları iştirak edə bilər. Qeydiyyat məntəqələri “28 Mall”, “Port Baku Mall” və “Gənclik Mall” ticarət mərkəzlərində fəaliyyət göstərir. Məntəqələr hər gün saat 10:00-dan axşam saat 21:00-a qədər açıq olur. Onlayn qeydiyyatdan keçmək istəyənlər isə “Bakı Marafonu 2017”-nin saytı - bakumarathon.az-a müraciət edə bilərlər. Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 manatdır. Korporativ iştirakçılar isə, hər şirkətdən minimum 5 iştirakçı olmaqla hər iştirakçıya görə 100 manat ödəməlidir. Yarımarafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanı heç bir ödəniş etmirlər. Marafona fəxri iştirakçılar da dəvət olunub və onların arasında tanınmış ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri və idmançılar da olacaq. Bu il marafona qatılmaq istəyın əcnəbilərin sayının çox olacağı gözlənilir".

A. Əhmədovun sözlərinə görə, “Bakı Marafonu 2017” yarışında qaliblərin mükafatlandırması 2 kateqoriyada kişi və qadınlar üzrə aparılacaq: "Kateqoriyaların hər birində I yerin sahibi 3000, II yerin sahibi 2000, III yeri tutan isə 1000 manat məbləğində mükafat və hədiyyələrlə, medal və sertifikatlarla təltif ediləcəklər. Bundan əlavə, kişi və qadın kateqoriyası üzrə hər birində 3 iştirakçı olmaqla, yarışda 4, 5 və 6-cı yerləri qazanan 6 nəfərə Avropa daxilində istədikləri ölkəni seçmək imkanı yaradılmaqla 2 nəfərlik səyahət bileti hədiyyə ediləcək. 7-ci və 8-ci yerin sahiblərinə “Bakı Marafonu 2017”nin sponsorları tərəfindən müxtəlif hədiyyələr, 9 və 10-cu yerin sahiblərinə isə 100 manatlıq hədiyyə kuponu veriləcək".

Mətbuat konfransında o da bildirilib ki, “Bakı Marafonu 2017”-nin Təşkilat Komitəsi marafona qoşulanlar üçün həftədə 2 dəfə pulsuz təlim-məşq təşkil edir. Hər həftənin şənbə günü qapalı “Gənclik Mall”da yerləşən “Go Sport” idman malları mağazasında, bazar günü isə açıq havada Dənizkənarı Milli Park və Heydər Əliyev Mərkəzinin qarşısında təlimləri keçirilir.

Marafon iştirakçıları məşqlərdə “Bakı Marafonu 2016”nın qalibiNamiq Əsədovla birlikdə müxtəlif isinmə-soyuma, dartınma hərəkətləri edir, uzun və qısa məsafəyə qaçışa necə hazırlaşmalı olduqlarını öyrənirlər. Marafonda iştirak üçün qeydiyyatdan keçən şəxslər hər həftənin şənbə-bazar günləri keçirilən məşqlərdə iştirak edə bilərlər.

"Bakı Marafonu 2016"-nın qalibi Namiq Əsədov yarışla bağlı öz təəssüratlarını bölüşüb.

Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin direktoru Gülşən Əliyeva bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva marafonda iştirak üçün qeydiyyatdan keçib.

Yarışın sponsorları - "Alfa Romeo" avtomobillərinin rəsmi dileri "Avtolux Azerbaijan" şirkətinin direktoru İbrahim Əhmədov, "Türk Hava Yolları"nın Bakı nümayəndəliyinin direktoru Seyfullah İlyas, "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev, "Azər Türk Bank"ın Strateji planlaşdırma və marketinq departamentinin direktoru Leyla Məmmədova, "HUAWEİ Azərbaycan" şirkətinin baş icraçı direktoru Cao Zejun marafonun əhəmiyyəti barədə çıxış ediblər.

Qeyd edək ki, Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə keçirilir. Layihənin icraçısı "Sport Marketing Group" (SMG) şirkətidir.

“Bakı Marafonu 2017”nin tərəfdaş və sponsorları Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi, “Azər Türk Bank”, “Türk Hava Yolları”, “GreenCar”, “Coca Cola”, “Huawei”, “Alfa Romeo” şirkətləri, “GoSport” idman malları mağazasıdır.

“Bakı Marafonu 2017”dən toplanan vəsait Heydər Əliyev Fondunun uşaq evləri üzrə həyata keçirdiyi layihəyə yönəldiləcək.

Xatırladaq ki, Bakı Marafonu ilk dəfə 2016-cı il mayın 1-də təşkil olunub və 7000 nəfərdən çox iştirakçısı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi ilk marafona Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayan 500-dək əcnəbi, İspaniya, Fransa, Qazaxıstan, Ukrayna, Səudiyyə Ərəbistanı, İran, Hindistan, Çexiya və digər ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin nümayəndələri qoşulub. Yarışda, Avstriya, Almaniya, İspaniya, Fransa, Rusiya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Keniya və digər dövlətlərdən iştirak edənlər olub.

İdman

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR