BSU-da “Fitnə” filmi nümayiş olunub

BSU-da “Fitnə” filmi nümayiş olunub
# 08 aprel 2017 15:10 (UTC +04:00)

Bakı Slavyan Universitetində (BSU) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan, dini radikalizm və bu cərəyanın qurbanlarından bəhs edən “Fitnə” sənədli filminin təqdimatı keçirilib.

BSU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, filmin nümayişindən sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, millət vəkili Mübariz Qurbanlı bu sənədli filmin gəncləri dini radikalizmin təsirlərindən qorumaq sahəsində böyük maarifləndirici əhəmiyyət daşıdığını qeyd edib.

Komitə sədri bildirib ki, Dövlət Komitəsi “Fitnə” sənədli filmini gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq məqsədilə hazırlayıb. Radikalizmlə mübarizə istiqamətində gənclərə bir sıra tövsiyələr verən M. Qurbanlı radikalizmin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərindən söz açıb. O, filmin davamı olaraq “Şəhadət” adlı filmin çəkiləcəyini bildirib, tələbələri maraqlandıran sualları cavablandırıb.

BSU rektoru, professor Nurlana Əliyeva isə bu tipli maarifləndirici filmlərin çəkilməsinin və istiqamətləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini vurğulayıb. Rektor Azərbaycanda hökm sürən sabitlik, dinc yaşayışı vurğulayaraq Vətənimizi düşmən tapdağı altında qoyub yad ölkələrə döyüşə gedən gəncləri öz vətəninin keşiyində durmağa səsləyib.

Sonda tələbələrin “Fitnə” filmi ilə bağlı fikirləri dinlənilib, ən yaxşı çıxış edən tələbəyə “Quran” hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR