Əsir düşməmək üçün özünü partladan kəşfiyyatçılara həsr olunmuş anım tədbiri keçirilib

Əsir düşməmək üçün özünü partladan kəşfiyyatçılara həsr olunmuş anım tədbiri keçirilib
# 10 aprel 2017 09:59 (UTC +04:00)

Azərbaycan ordusunun 7 xüsusi təyinatlı kəşfiyyatçısının şəhid olmasının 20 illiyi münasibətilə anım tədbir keçirilib.

APA-nın xəbərinə görə, millət vəkilləri, siyasi xadimlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım tədbiri 2-ci Şəhidlər Xiyabanında döyüşçülərin məzarını ziyarətlə başlayıb.

Kəşfiyyat qrupunun rəhbəri olmuş polkovnik Xətai Baxışov deyib ki, 1997-ci ilin aprelin 7-də 8 nəfərdən ibarət kəşfiyyat qrupu cəbhənin Fizuli rayonu istiqamətində döyüşlərdə iştirak edib. O bildirib ki, döyüşçülər erməni mühasirəsinə düşsələr də, təslim olmayıblar: "Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edib. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladıblar. Səkkiz nəfərdən 7-si şəhid olur, daha biri - Əhmədov Aqil Mürsəl oğlu isə ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə hökmü kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur”.

Şəhid kəşfiyyatçılar Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Sonra kəşfiyyatçılara həsr olunmuş "Təki vətən yaşasın" adlı film nümayiş olunub.

"Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxışında bildirib ki, qəhrəmanlıq göstərən Azərbaycan şəhidlərinin təltif edilməsi dövlətin diqqət və qayğısının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan ordusunun belə qəhrəmanları haqqında bundan sonra da filmlər çəkilməli, kitablar yazılmalıdır. Bu, gələcək nəsillərdə vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynayır.

Millət vəkili Qənirə Paşayeva çıxışında deyib ki, bu şəhidlər nəinki vətən üçün canından keçməyə hazır olublar, eyni zamanda əsir düşməklə dövlətin adına xələl gələr deyə, özlərini partladıblar: "Bu insanlar haqqında geniş təbliğat aparılmalıdır. Bu bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də bu oğullardan qəhrəmanlıq öyrənməliyik. Şəhid qardaşımızla bağlı universitetlərdə, məktəblərdə anım tədbirləri keçirməli, onları daim xatırlamalıyıq".


Kəşfiyyat qrupunun sağ qalan üzvü Aqil Əhmədov tədbir iştirakçılarına təşəkkür edib və vətən sevgisinin hər şeydən üstün olduğunu diqqətə çatdırıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR